1879
10:00
19 Noyabr 2019

“Elə bilirdim ki, məzara qoyulanda qalxacaq...” – Savalan nisgilinin bir ili...

“Dedilər könüldən iraq olan gözdən də iraq olurmuş... dedim ki, könülə girən gözdən iraq olsa nə olar...” Sevdiyi Mövlanənin sözləri elə bil onu vəsf etmişdi. Gözdən iraq olsa belə, könüldə yurd salan adam idi Novruz bəy.

Mən böylə yaşadım, mən böylə gördüm

İnsanın insana ehtiyacı var -


oxuyardı. Hər zaman ətrafındakılar ona ehtiyac duyardı. Bu gün yoxluğunda, məskəni könlümüz olsa belə, yanımızda yeri görünür.

Comərdlik və yardım etmədə axar su kimi ol

Şəfqət və mərhəmətdə günəş kimi ol

Başqalarının qüsurunu örtmədə gecə kimi ol

Hiddət və əsəbiyyətdə ölü kimi ol

Təvazö və alçaqkönüllükdə torpaq kimi ol

Xoş görünüşdə dəniz kimi ol

Ya olduğun kimi görün,

Ya göründüyün kimi ol.

Göründüyü kimi olan, olduğu kimi görünən adamdan danışıram – Novruz Novruzludan. Hamı onu Novruz Savalan kimi tanıyırdı. Solisti olduğu “Savalan” qrupunun adı ilə. Özü götürməmişdi bunu, onu elə tanımışdılar. “Hansı Novruz?” - soruşulanda “Savalan Novruz” - deyilmişdi və tamaşaçısı, dinləyicisi, onu sevənlər belə də qəbul etmişdi.

Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində ziyalı ailədə dünyaya gəlib. Altı uşaq olublar. Onlardan dördü həkim idi. Bir qardaşı Xalq Təsərrüfatı İnstitutunu bitirib, bir də evin sonbeşiyi olan Novruz İncəsənət Universitetində təhsil alıb. Atası müharibədə bir ayağını itirmişdi, əlillik təqaüdü ilə dolanırdılar. Tezliklə ata ömrünü övladlarına bağışlayıb, dünyadan köç etdi. O vaxt ən balacaları Novruzun 5 yaşı yox idi. Anası isə 1993-cü ildə dünyadan köçüb. Böyük qardaşları Arif həkim Tibb Universitetinin professoru idi. Novruza da o atalıq etmişdi. İkinci qardaş Habil həkim Travmatologiya xəstəxanasında şöbə müdiri olub. Bacılarının biri pediatr, o biri psixiatr olublar. Biri 49 yaşda dünyadan köçüb, o biri 50 yaşında. Hamısı da ürək çatışmazlığından. Bir bacıları qalıb.

Novruz Novruzlu Opera və Balet Teatrının solisti idi, ömrünün sonuna qədər. Qəribədir, o səhnədə onu görən olmayıb, çünki həmişə kütləvi səhnələrdə, xorda oxuyarmış. Bütün fəaliyyəti “Savalan” qrupu ilə bağlıdır. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra yaratmışdılar o qrupu. Dostu İsaq Ozanoğlu ilə. Sonra İsaq bəy Almaniyaya köçdü, Novruz bəy “Savalan”ı dağılmağa qoymadı. Deyirdi, o qrupu yaradanda “20 Yanvar şəhidlərinin ruhu” - deyib yaratmışdıq, ona xəyanət etmək olmaz. Həm də bu qrupla dünyanın hər yerində olmuşdular və uğurlu da qarşılanırdılar. Novruz bəy ayrıca, solo çıxış edəndə də onu “Savalan” qrupu kimi görürdü tamaşaçı. Özü də belə deyirdi: “Mən haradayamsa “Savalan” oradadır”. Əvvəlcə daha çox ilahi mahnılar ifa edərdilər. Sonralar artıq nə ifa edirdilərsə ilahiləşirdi, çünki qrupun solistləri Novruz bəylə Həlimət xanımın ifalarında ilahilik vardı. Səs, ifa adamı ruh aləminə çəkib aparırdı. İnsan onları dinləyəndə daxilən təmizlənirdi elə bil. İstər “Çırpınrdı qara dəniz” oxusunlar, istər “Bil, oğlum”, yaxud “Uzun, incə bir yoldayam .”

Ona görə də onların ruhunu duyan, ruh dostu olan “Yuğ” teatrının yaradıcısı Vaqif İbrahimoğlu qucaq açıb, teatrın binasında məşq etmələri üçün yer verdi. Sonralar qrupla teatr bir can kimi birləşdilər. Birlikdə gözəl sənət işləri çıxdı ortaya. Teatr və “Savalan” qrupu.

Günahımla, suçumla,

Savabımla, borcumla,

Ürək adlı boxçamla

Qapına gəldim, İlahi...

– oxuyurdu Novruz bəy. Səhnədəki sənətlə insan belə bütövləşib bir ola bilərmiş, düşünürdün. Sənətin özündə müqəddəslik var, ilahilik var. Sənət sənətkarla olanda o ilahiliyə qovuşur – onu duyan dinləyicini də qanadlarına alıb, aparır. Dəfələrlə bu zövqü-səfanı yaşamışdım. Elə bil qohumlaşmışdım bu qrupun üzvləriylə. Novruz Savalanın söhbətləri bir başqa aləm idi. Onun dilindən kiminsə qeybətini eşitməyi xəyalına belə gətirə bilməzsən. İnsan deyildi, mələkdi elə bil.

Bir ömürdə gül əkdim.

Sevinc verib, qəm çəkdim.

Yerdən öncə mələkdim

Aldandım, gəldim, İlahi...

Dünyanın çirkabı onun üstünə zərrə qədər düşməmişdi. Tərtəmiz, saf, həm də çox nurlu insan idi. Hamıya insan deyilirkən, Novruz bəyə şamil etməyim gəlmir bu sözü. Sözdən uca idi özü.

Kimə qaldı yurd yeri,

Əlim çatmır əl verim.

Ürəyi qəm, nisgilli

Qapına gəldim, İlahi.

Yolum tikanla bələndi,

Naxışlandı, ilmələndi.

İçimdə dərd qıfılbəndi

Qapına gəldim, İlahi...

“Min il də oxusam, “nə bilirsən?” - deyə soruşana “həddimi bilirəm” deyərəm” – Mövlanənin bu sözünü çox eşitmişdim ondan. Anlamışdım ki, həddini bilmək böyük mədəniyyətdir - insana xasdır. İnsana xas olmayanları daha çox görürük insanda – mənim bu fikrim ona xoş gəlməzdi. İnsanları sevirdi, kimsə onun üçün pis adam deyildi - “Tanrı islah etsin” - deyirdi.

Uzun, incə bir yoldayım,

Gediyorum gündüz-gecə...


Bu dünyadan çoxdan qopmuşdu adam. Amma bu dünyada vardı axı, onun reallıqları ilə məişətdə necə davranırdı - çox maraqlı idi mənə.

Bu yazını hazırlayanda xanımının nömrəsini yığdım, Sevda xanımın. Dedi ki, Novruzdan sonra hər işin arxasınca özüm qaçıram, çox yüklüyəm, qarşıdan il gəlir, oğlumuz bu il 11-ci sinifdə oxuyur. Anladım, bir qadının çiyinlərinin işi deyil həyatın yükü, amma sağ olsun, gəldi, söhbət etdik:

“Təşəkkür edirəm sizə Novruzu unutmursunuz, ilindən əvvəl yazı hazırlamaq istəyirsiniz” – dedi və göz yaşları yanaqları aşağı süzüldü: “Buna görə gəlmək istəmirdim. Bilirdim ki, özümü saxlaya bilməyəcəm” - dedi.

- Təbiidir, Sevda xanım, gərək bağışlayasınız, yaranıza basmaq kimi olmasın, elə məsələlər var ki, sizin dilinizdən deyilməlidir - dedim.

Sakitləşib, davam etdi: “Genetik ürək problemləri var. Qardaşları, bacısı cavan yaşlarında ürək çatışmazlığından dünyadan köçüblər. Hələ ən uzunömürlüləri Novruz bəy olub, 58 il yaşadı”.

Opera və Balet Teatrında bir yerdə işləyiblər. Sevda xanım da musiqiçidir, Konservatoriyada təhsil alıb. Ailə qurandan sonra Sevda xanım işdən ayrılıb.

“Son vaxtlar böyrək sancıları olmuşdu, ölümündən bir ay əvvəl. Getdi həkimə, həkim müalicə yazmışdı, daş vardı böyrəklərində, onları əritmək lazım idi. Hardasa bir ay o ağrılar əziyyət verdi ona. Bir gündə dörd-beş dəfə ağrıkəsici vurulurdu. Ağrıkəsicilər ürəyini zəiflətdi. Kardioloqa getdi, həkim bir aylıq müalicə yazmışdı ki, bir aydan sonra gəl, ola bilər, əməliyyat edərik səni. Noyabrın 19-da dedim, Novruz, bir ay tamam oldu, sən həkimə getməlisən. Dedi, bu gün vaxtım yoxdur, İçərişəhərdə Qənirə xanımla görüşəcəm, Türkiyədən sənət yoldaşım gəlib, onunla görüşməliyik. O axşam saat 2-yə, 3-ə qədər mətbəxdə mən sabaha yemək hazırlayırdım o, da Burhanla zarafatlaşırdı, deyib-gülürdük”.

Sevda xanım Novruz bəyin ikinci nikahıdır, Burhan onların oğludur. Novruz bəyin birinci nikahından bir qızı, bir oğlu olub. Qızı 16 yaşında, hardasa 5-6 il əvvəl, dəm qazından boğulub, dünyasını dəyişib. Oğlu xaricdə təhsil alır.

“Son vaxtlar tez-tez Burhana deyirdi ki, sən evin kişisisən, bir gün mən olmaya bilərəm, həyat bitmir, biz görüşəcəyik. Axır gördüm Burhana pis təsir edir bu sözlər. Dedim, Novruz, demə elə, uşağa psixoloji təsir olur. Hər gün bir vaxtda yatıb, bir durmuşuq, bir gün o üç nəfərdən biri durmadı, uşaq hələ də qəbul edə bilmir.

Deyirəm, oğlum, onun yerinə mən ölərdim, ata sağ qalardı. Deyir, ana, atam o qədər qonağa nə bişirəcəkdi, kök salatı, ot dəmləməsi? Novruz özünə yaxşı baxardı, meyvə şirəsi, ot dəmləməsi, meyvə-tərəvəz salatları edərdi.

Hər səhər saat 5-dən dururdu, idman, duş, namaz. Deyirdim ki, camaatın kişiləri durur şalvarını geyinib çıxır, səninlə evdən çıxmaq dəstgahdı.

Kaş o gecə yatmazdım, kaş ki, oyaq olaydım, bəlkə kömək edə biləcəkdim”.

Sual vermirəm, çünki o acını yenidən yaşayır. Söz-sözü çəkir, danışır: “Doqquza işləmişdi. Novruz səhər durub ət almağa gedəcəkdi. Ona görə elə bilirəm çıxıb. Birdən ağlıma gəldi, oğlumdan soruşdum ki, səhər ata gedəndə qapının səsini eşitmədin? Dedi, yox. Düşündüm ki, evdə olsaydı, namaz üstdə olsa zikr səslərini eşidərdim, idman eləsə yenə səs gələrdi. Nədənsə, çox sakitlikdir. İnanırsınız, otağına gedə-gedə öz-özümə düşündüm ki, İlahi, bircə ağlıma gələn olmasın. Qapını azca araladım, gördüm uzanıqlıdır, qalxmayıb, bir də örtdüm qapını. Sonra içəri keçib, qapını arxadan bağladım ki, oğlum görməsin, görüm neynirəm. Çağırdım, üzünə vurdum, süni nəfəs verdim, pəncərəni açıb ürək masajı elədim, yox, buza dönmüşdü artıq, saat yarım vardı keçindiyi. Təcili yardım elə dedi. Burhan gəldi ki, ana, neyniyirsən, qapını niyə bağlamısan? Qapını açdım, dedim oğlum, get qonşuları çağır, ata xəstədir. Uşaq mat-mat baxdı üzümə, sonra özünün atdı atasına tərəf... “Ata, bizə bunu yaşatma, dur, ata, dur...”

Bir də gördüm, hamı bizdədir. İnanırsınız, son ana qədər elə bilirdim ki, məzara qoyulanda olsa da qalxacaq, deyəcəklər ürəyi dayanmayıbmış. Təcili yardım ölüm kağızını vermişdi, amma yenə inanmırdım, elə bilirdim indi deyəcəklər özünə gəldi”.

Tanış hisslərdi, adam yaxının itkisini zamanla anlayır. Həmin an hansısa qüvvə səni saxlayır, kədərinə su səpilir, zaman keçdikcə o səpilən su alışmağa başlayır...

“Biz bir dost itirdik. Hardasa 15 dəqiqə mən qışqırıb-bağırmadan, ağlamadan qalmışam, oğlum çığırandan sonra mənim də səsim çıxıb, qonşular səsimizi eşidiblər. Elə boşluq var həyatımızda. Onun yerini dolduracaq heç nə, heç kim yoxdur. Oğlumuz skripka üzrə konservatoriyaya hazırlaşır. İki müsabiqənin qalibi oldu. Bu il qəbul olsun, bəlkə sevinərik”.

“Dedilər, könüldən iraq olan gözdən də iraq olurmuş... dedim ki, könülə girən gözdən iraq olsa nə olar...”

20 noyabr. Novruz Savalanın fiziki yoxluğundan bir il keçir...

Amma var axı...