757
11:07
16 Noyabr 2019

Milyarderlərin reytinqində lider dəyişdi

“Microsoft”un yaradıcısı Bill Qeyts “Bloomberg”in hazırladığı milyarderlərin reytinqində birinci yeri tutub.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, o, iki il ərzində ilk dəfə “Amazon”un rəhbəri Ceff Bezosu geridə qoyub. Qeytsin varidatı təxminən 110 milyard, Bezosunku isə 109 milyard dollar qiymətləndirilir.

Ekspertlərin fikrincə, “Microsoft”un yaradıcısının irəli çıxmasına səbəb Pentaqonla imzalanan 10 illik müqavilə olub. Razılaşma 10 milyard dollar həcmindədir.

Bu müqaviləyə əvvəlcə “Amazon” da iddialı olub, ancaq onu uduzub. Bundan sonra şirkətin səhmləri təxminən iki faiz aşağı düşüb. “Microsoft”un səhmləri isə 4 faiz bahalaşıb.

Ən varlı milyarderlərin reytinqdə üçüncü sırada 103 milyard dollarla Louis Vuitton Moët Hennessy şirkətinin prezidenti Bernar Arnodur.

Bill Qeyts iyul ayında “Bloomberg”in planetin ən varlı insanlarının reytinqində üçüncü sırada idi. Qeyd edilirdi ki, həmin an tarixi idi, çünki Qeyts əvvəllər heç vaxt ikinci sıradan aşağıda olmamışdı.