1883
12:19
17 Noyabr 2019

Mikrodalğalı sobada yemək isitmək xərçəngə səbəb olur? - AÇIQLAMA

Mikrodalğalı sobada yemək isitmək daha tez başa gəldiyi üçün insanlar bu sobadan çox istifadə edirlər. Ancaq qısa zamanda xörəkləri tez isidən sobanın zərərli və sağlamlığa ziyan vurması haqqında fikirlər də səslənir.

Mikrodalğalı soba həqiqətən sağlamlığa zərərlidirmi?

Terapevt Ramil Həsənli Lent.az -a bildirib ki, mikrodalğalı sobaların xəstəlik əmələ gətirməsi ilə bağlı sübut olunmuş məlumat yoxdur:

“Mikrodalğalar istənilən qidanın tərkibində olan suyun molekullarına təsir edir və onları sürətlə hərəkətə keçirir. Molekulların fırlanması molekulyar sürtünməyə yol açır, bu da tez isinməni təmin edir. Bu sobada isidilən yeməklərin tərkibində olan vitamin və minerallar itir. Bu da ondan irəli gəlir ki, istilik dərəcəsi çox yüksəldiyi üçün tərkibində olan vitaminlər ölür. Lakin sözügedən sobanın xərçəng və ya başqa xəstəlik yaratması ilə bağlı xəbərlər doğru deyil”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, mikrodalğalı sobada isidilən yeməklər heç bir xəstəlik yaratmır:

“Sobada isidilən yeməklər plastik, eləcə də ağzı açıq qablarda qoyulmamalıdır. Eyni zamanda, yemək isidilən qabların üzərinə örtülən qapaqlar da plastik olmamalıdır. Ancaq ümumilikdə, mikrodalğalı sobalarda yemək isitməyin zərərləri barədə heç bir elmi araşdırma məlum deyil”.