3121
13:46
17 Noyabr 2019

Maşınlar avtoservislərdən bu cür oğurlanır: XƏBƏRDARLIQ

Bir neçə gün əvvəl Bakının Nizami rayonunda usta servisdən oğurladığı “Mercedes”i Binə qəsəbəsi ərazisində dirəyə çırpıb.

Avtomobil oğurluqlarının ən çox baş verdiyi hallardan biri avtoservislərdə qeydə alınır. Belə ki, daimi müştəri olmayan şəxs maşını servisə qoyub getdikdən sonra bəzi ustalar onu qaçırmağa meyl edirlər. Ustaların avtomobil oğurlaması isə ekspertlərin fikrincə, etibardan sui-istifadə və təhlükəsizlik tədbirlərinin olmaması ilə əlaqədardır.

Avtomobil eksperti Azər Allahverənov Lent.az -a açıqlamasnda bu cür faktlara görə servis rəhbərinin cavabdehlik daşımalı olduğunu vurğulayıb. O, avtomobil sahibləri ilə servis rəhbəri arasında təhlükəsizlik üçün müqavilə bağlamağın lazım olduğunu bildirib:

“Bir neçə ay əvvəl də belə bir hadisə avtoyuma məntəqəsində qeydə alınıb. İşçi maşını götürüb qəza törətmişdi. Tövsiyə edirəm ki, avtomobillər sınanılmış və avtoservis sahibinin zəmanət verdiyi yerlərə qoyulsun. Bu istiqamətdə təhlükəsizlik baxımından bir neçə nüansa diqqət yetirmək lazımdır. Hətta tövsiyə edirəm ki, avtomobili servisə qoyub gedərkən servis rəhbəri ilə yazılı sövdələşmə də olsun. Reallıq budur ki, kimsə belə hallarda maraqlı olmur. Əksər avtomobil sahibləri də maşınlarını tanıdıqları yerlərə etibar edib gedirlər. Onlar tanımadığı servislərə maşın qoyarkən son dərəcə ehtiyatlı olsunlar və həmçinin işçilər də servisdə bu kimi cinayət hadisələrinin olmaması barədə sürücüləri inandırmalıdırlar. Yəni, bu məsələdə qarşılıqlı etibar da, hüquqi cəhətdən müqavilə də olar”.

Azər Allahverənov avtosevis rəhbərləri tərəfindən təhlükəsizlik tədbirlərinin düzgün qurulmasının vacib olduğunu qeyd edib. Ekspert oğurluğa meylli ustaların işə götürülməməsini də tövsiyə edib:

“Avtomobil servisdən qaçırılarsa, rəhbərlik də buna cavab verməlidir. Servis rəhbəri də təhlükəsizlik tədbirlərini düzgün qurmalı və baş verəcək hadisəyə görə cavabdehlik daşımalıdır. Əgər avtomobili ustanın özü etibardan istifadə edərək qaçırıbsa, o zaman günah ustanın təkcə özünə aiddir. Amma hər hansı köməklik və ya səhlənkarlıqdan istifadə edərək bu cinayətə əl atıbsa, bu artıq araşdırılıb üzə çıxarılmalı və servis rəhbəri də məsuliyətə cəlb olunmalıdır. Servis rəhbəri belə cinayətlərə əl atmamalı və oğurluğa meylli şəxsləri işə götürməməlidir”.