6656
18:18
08 Noyabr 2019

Emin Həsənli "Polad Ələmdar"la görüşdü

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə tanınmış aktyor, "Polad Ələmdar" obrazının ifaçısı Necati Şaşmazla görüşüb.

Bu barədə Lent.az -a açıqlama verən E.Həsənli bildirib ki, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin qurultayı ilə bağlı Türkiyədə səfərdə olub. O qeyd edib ki, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin Baş katibi, "PANAFİLM"də həkim kimi çalışan Yavuzxan Başın təşkilatçılığı ilə "PANAFİLM"in ofisində Necati Şaşmazla görüşüb.

“Necati Şaşmazın Azərbaycana böyük sevgisi var. O, söhbətimiz zamanı Azərbaycanın tarixi ilə maraqlandığını, Heydər Əliyevin “bir millət, iki dövlət” ideyasını dəstəklədiyini və cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2009-cu ildə təsis etməsini, 2019-cu ildə isə Türk Şurasının 10 illiyi ilə bağlı Bakıda keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi”.

E.Həsənli qeyd edib ki, Necati Şaşmaz hər zaman Azərbaycanı dəstəklədiyini və dəstəkləyəcəyini vurğulayıb:

“O Azərbaycana təmənnasız sevgisini ifadə edərək bildirdi ki, iki dövlətin ortaq dəyərləri hədsiz çoxdur və gələcəkdə filmlərdə Azərbaycan-Türkiyə qardaşlığını, Qarabağ faciəsini dünyaya çatdırmağa hazırdır”.

Necati Şaşmaz Azərbaycan-Türkiyə əlaqələrinin tarixinə, xüsusilə Nuru Paşanın rəhbərliyilə Qafqaz İslam Ordusunun Azərbaycana 100 il əvvəlki xilaskar səfərinə həsr edilmiş filmlərin istehsalında maraqlıdır.