1875
20:15
07 Noyabr 2019

Qollarının arasında ağlayıb sakitləşdi, sonra... – Bulud Qaranın gündəliyi35-ci BÖLÜM

Əvvəli: https://lent.az/news/330247

Dostluq, sevgi, qəzəb...


Sevda məni görən kimi Sehrbazın qara maşınına oturmağa çalışdı. Mən tez cumub onun qolundan yapışdım.

- Burax! - bağırdı.

Bu vaxt Sehrbazın mühafizəçiləri üstümə cumub məni maşından araladılar. Sevda fürsətdən istifadə edərək maşına oturdu və qapını çırpıb üzünü kənara tutdu.

- Danışmalıyıq biz! Eşidirsən?

O yəqin ki məni eşidirdi, lakin qara dumanlı pəncərə şüşəsinin arxasında gizlənərək bu tərəfə baxmırdı.

- Bura bax, ağzın-burnun salamatkən çıx get burdan! - mühafizəçilərdən biri biləyimi sıxaraq fısıldadı.

- Rədd ol! - deyə qolumu dartıb ondan uzaqlaşdım, Sevdaya tərs-tərs baxıb bağırdım: - Zəng edərsən mənə! Mütləq!

Digər mühafizəçi artıq sükan arxasında idi və maşını işə salmışdı. Yarımca dəqiqədən sonra onların heç biri burada deyildi artıq.

Sehrbazın polisdə nə işi vardı görəsən? Leylanın ölüm xəbəri elan olunandan, üstəlik, onun maşını yanan sahildən yanmış qadın meyiti tapılandan sonra axtarış işləri dayandırılmamışdımı? Sənubər məsələsinə görə isə Sehrbazı polisdə görmək absurd olardı. Daha doğrusu, hələ ki absurd olardı. Çünki bu məsələdə Sehrbazın birbaşa iştirakı ortalığa çıxarsa, onu belə təmtəraqla qarşılamazdılar, əl-qolunu qandallayıb dustaq kimi gətirərdilər.


Birdən özüm özümdən elə iyrəndim ki!

Mən gör kimin cinayətinə şərik olmuşdum, kimi gizlətməyə vadar idim! Axı onlar Sənubərin başına ilk təcavüz cəhdini mənim evimdə, gözlərimin qarşısında etmişdilər?! Üstəlik, videoya da çəkmişdilər baş verənləri. Məhz həmin video ilə başlamışdılar ilk şantajlarını. Nə olsun ki mənim əllərim-ayaqlarım bağlanmışdı və mən özüm öz evimdə Sehrbazın əsiri idim həmin dəqiqələrdə? Fakt budur ki, mən hər şeyi bilirdim, öz gözlərimlə görmüşdüm!

Lakin susurdum.

Çünki Leyla vardı.

Leylanın çəkdiyi tam video vardı bir də. Sehrbazın bütün şantajlarının gücünü sıfıra endirən, hər an onun axırına çıxa biləcək bir video!

Leyla da susurdu amma.

Leyla susurdu deyə, mən də heç nə üzə çıxarmıdrım, vaxtı gələn kimi özümün həbsimə belə səbəb olsam, hər şeyi istintaqda açıb danışacaqdım. Lakin indi Leylanı gözləyirdim, daha doğrusu, onun təhlükəsizliyini və gələcək üçün planlarının mənə aydın olacağı vaxtı.

Sənubəri onsuz da təzədən dünyaya qaytarmaq mümkün deyildi. Leylanı qorumaq lazım idi. Elə Gülnarı da!

Bir gözüm polis idarəsinin qapısında, bir gözüm bir-birinin dalınca gələn, gedən maşınların, adamların üstündə, Gülnara zəng vurdum.

Yenə cavab vermədi.

Çarəsiz qalıb maşına tərəf getdim.

Bayaq ağlıma gələn ilk fikrin ardınca getməyə qərar verdim - evə.

***

Yanılmamışdım.

Gülnar evdə idi.

Mən içəri girəndə bircə dəfə dönüb soyuq, ölmüş baxışlarla üzümə baxdı, vəssalam.

Ev xalatında, saçları dağınıq, üzü pərişan, solğun, pəncərənin qarşısında dayanıb küçəyə baxırdı.

Masanın üstündə çaynik, qənddan və bir fincan çay vardı. Yaxınlaşıb fincandakı çayı başıma çəkdim. Bumbuz idi. Demək çoxdan gəlmişdi Gülnar.

Heç nə deməyib, sakitcə ona sarı addımladım. Yaxınlaşdığımı hiss edib büzüşdü, çiyinləri titrədi, ağladığını anladım. Onu qucaqladım. Bapbalaca uşaq kimi mənə qısılıb yana-yana ağlamağa başladı. Mən heç nə demədim. İstəyirdim bütün acısını-ağrısını ağlaya-ağlaya ürəyindən boşaldıb sakitləşsin. Yazığım gəlirdi Gülnara. Bütün bu baş verən hadisələrin ən günahsız və gözlənilməz qurbanı o olmuşdu. Darmadağın idi qız. Ruhu sarsılmışdı.

- Getmək istəyirəm burdan, hamınızdan uzaq qalmaq istəyirəm, heç kimi görməyim, heç kimi görməyim...

- Yaxşı... - mən Gülnarın nə qədər haqlı olduğunu özüm də öz fikrimdə təsdiqləyərək daha bərk bağrıma basdım onu, - yaxşı...

- Gedərəm, hə? Gedərəm?

- Hə...yaxşı.

Gülnar qollarımın arasında ağlayıb-ağlayıb sakitləşdi, sonra sakitcə də məndən aralanıb yataq otağına keçdi. Mən çaynikdəki ilıq çaydan bir fincan da süzüb içdim. Gülnar isə çiynində hamam xalatı, yataq otağından keçib vanna otağına getdi. Ruh kimi addımlayırdı. Daha doğrusu, mən heç vaxt ruh görməmişəm, yəni, mistik filmlərdə onların təsvir edildiyi kimi, demək istəyirəm.

Çayniki təzədən doldurub qaynatdım, Gülnar yuyunub çıxana kimi qəşəng kəklikotulu çay dəmlədim, anamın gətirdiyi böyürtkən mürəbbəsindən də qaba töküb masaya qoydum.

Sonra Gülnar çıxdı və mən ikimizə də ipisti çay süzüb onu təbəssümlə masa arxasına dəvət etdim. Sakitcə gəlib oturdu.

- Çox sağ ol, - deyib üzümə baxmadan, gözlərini mürəbbə qabına dikərək, çaydan bir qurtum aldı. Hiss etdim ki, ağzı yandı, cəld fincanı masaya qoydu, ağzını açıb qeyri-ixtiyari dərindən tez-tez nəfəs almağa, əlləri ilə yelpikləməyə başladı. Bu vaxt mən də qeyri-ixtiyari ona sarı əyilib ağzının içinə üfürməyə başladım. Birdən hər ikimiz yuxudan ayılmış kimi diksinib bir-birimizə baxdıq və qəfildən güldük.

Bilirəm, deyəcəksiniz, bunlar nə yaman başdanxarab adamlardı belə, qəfildən gülürlər, qəfildən ağlayırlar... amma inanın ki, sizin də məhz bu cür uşaqlıq xatirələriniz olsa və qəfildən özünüzü otuz ilin o tayındaymış kimi hiss etsəniz, bizim kimi davranardınız.

Məsələ burasındadır ki, bu "Gülnarın ağzının çaydan yanması və mənim onun ağzına üfürməyim biz hələ bapbalaca uşaq olduğumuz vaxtların vərdişiydi. Nə üçünsə onun ağzı həmişə yanardı, mən də onun gözlərini üzümə dikib yalvarırmış kimi, həm də həyəcanla kömək istədiyini görəndə dərhal üfürmə-soyutma bacarığımdan istifadə edərdim. Anam deyərdi ki, qızın səndən xoşu gəlir, ona görə qəsdən ağzı yanırmış kimi cumur sənin üstünə, yoxsa evdə-bacada başqa adam yoxdumu?

- Düzünü de, o vaxt bunu yalandan eləyirdin? - gülə-gülə soruşdum.

- O vaxt, hə, - o da gülə-gülə cavab verdi.

- Niyə, Gülnar? - axmaqca sual verdim.

Hə, boynuma alıram, mən həmin an həyatımın ən axmaq sualını vermişdim bir qadına. Və mən məhz həmin anda başa düşmüşdüm ki, Gülnar hələ o ilk uşaqlıq illərimizdən bəri mənə aşiq imiş. Bəs... Mən axı ona həmişə kiçik bacım kimi baxmışdım?! Mən onun mənə olan sevgisini heç vaxt olduğu kimi dərk edib duymamışdım. Onun gözü qabağında Səmaya hayıl-mayıl olub böyümüşdüm, sonra da həyatımdakı bir-birindən gözəl və mənasız qadınlar... Bəs Surxay? Axı mən çox sevinmişdim Gülnarla onun bir-birlərini sevdiklərinə görə?!

- Gülnar?! - soruşdum.

- Hə... - dedi.

- Bəs...

- Dəlisən sən. - kədərli təbəssümlə üzümə baxdı, - o uşaqlıq hissləri idi. Mən səni həmişə özümə ən doğma insan bilmişəm. Amma mən səni əldə eləmək üçün heç vaxt hiylə işlətməmişəm, ağlıma da gəlməyib bu. Nə sən məktəbi bitirəndə, nə əsgərlikdən gələndə, nə universitetdə oxuyanda... Axı mən sənə necə ər kimi baxa bilərdim?

- Gülnar... mənə düzünü de...

- Dedim axı! Mən sənə yuxu dərmanı filan verməmişəm! Sənə ərə getmək istəsəm, özünə deyərdim. Biz ki sənlə bir-birimizlə hər sözümüzü bölüşmüşük həmişə... yoxsa sən yox?

- Yox, niyə ki? Elə mən də. - mən Leyla barəsində ondan hər şeyi gizlətdiyimə görə gözlərimi kənara yayındırdım və söhbətin məcrasını dəyişməyə çalışdım, - mən başqa şey soruşurdum.

- Başqa nə?

- Surxayla barışmaq istərdin?

- Nə?

Mənə elə gəldi ki, Gülnar yenə də mənim gözlərimin qarşısındaca adi ətli-canlı, nəfəs alan, ürəyi döyünən normal insandan soyuq, nəm, küsülü bir ruha çevrildi.

Gülnarın bu halı mənim sualıma cavab idi elə. Və mən xalamın bayaq Gülnarın evdə saxladığı məktubdakı cümləni xatırlamaya bilmədim, mən o "Məni Surxay öldürdü" cümləsindəki bütün mənanı anlamaya bilmədim. O cümlənin bircə mənası vardı: Gülnar Surxayla görüşmüşdü!

- Gülnar.. - ağlıma gələn fikirdən damarlarımda qanım dona-dona ona baxdım.
-
Gözlərini məndən qaçırdı.

- Gülnar, sən Surxayla danışmışsan? - artıq ağlıma gələnlərin həqiqət ola biləcəyinə hər an daha çox əmin ola-ola ondan cavab gözləyirdim, - görüşmüsüsüz siz? Hə? Gülnar!

Gülnar susurdu.

Mənsə dəli olurdum.

- Nə deyib o sənə? - mən damarlarıma qədər dolub içimə od qoyan qəzəbin əlində aciz-avara qalaraq ayağa qalxdım, yumruğumu masaya vurub bağırdım, - nə deyib sənə, de!!!

Gülnar isə heç nə demədi. Eləcə soyuq ruh kimi qollarını masa boyunca uzadıb başını onların üstünə qoydu. Bu anlarda o, başını edam kötüyünə qoymuş kimi görünürdü. İlahi! Mənim dəli-dolu dostum, günahsız Gülnarım, sən neyləmişdin? Sən niyə bunu eləmişdin, niyə???

- Toxunub sənə? Toxunub? Düzünü de! Gülnar!!!

Edam kötüyündəki baş isə çoxdan kəsilmiş kimi susurdu.

***

Külək sanki bütün ağacları kökündən qoparıb bütün maşınların üstünə çırpmaq istəyirdi. Leysanın altında qəzəbimdən ürəyim partlaya-partlaya maşını dəli kimi sürürdüm.

Bir azdan Surxaygildə idim.

Onu təpikləyirdim, yumruqlayırdım, üzünə tüpürüb ən iyrənc söyüşlərlə söyürdüm, o isə heç nə demir, heç nə eləmir, sanki onu öldürməyimi istəyirmiş kimi davranırdı. Tofiq məni ondan aralamağa çalışsa da, bacarmayıb ikimizə də tüpürüb oradan çıxıb getmişdi. Mənsə özümü saxlaya bilmirdim. Surxayın burnundan, ağzından açılan qan ikimizin də üst-başına səpilib yayılmışdı. O, ağrıdan yanıb-qıvrılırdı, əmin idim, amma yenə də mənə heç bir cavab qaytarmırdı.

- Öldürüm səni? Öldürüm? Bunu istəyirsən? Bunu? - deyə mən artıq heç bir hərəkətimi idarə edə bilmədiyimi özüm də hiss edə-edə, lakin heç cür dayana bilməyərək onu vurmaqda davam edirdim. Bir də onda ayıldım ki, Surxay yerdə hərəkətsiz uzanıb, qarnını qucaqladığı qolları da halsız şəkildə yanına düşüb...

Daha onu vurmağa da halım qalmamışdı.

Ağlayırdım, hönkür-hönkür ağlaya-ağlaya bağırırdım onun üstünə:

- Tfu sənə! Tfuu! Öl! Ööööl! Ööööööl!

Surxay tərpənmirdi...