555
17:07
19 Oktyabr 2019

Metronun 3 stansiyasının fəaliyyəti bərpa olundu - RƏSMİ

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub.
Bu barədə Lent.az -a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə, fəaliyyəti müvəqqəti dayandırılmış hər üç stansiya saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.
Qeyd olunub ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müvafiq cavab verilməsinə rəğmən, həmin vaxtda qanunla qadağan edilən yerdə - Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" QSC qanunsuz hərəkətlərə yol verilərək metro nəqliyyatının işinin pozulacağı təqdirdə bütün məsuliyyətin təşkilatçıların üzərinə düşəcəyini bəyan edib və qeyd olunan üç stansiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qərarın verilməsində yeganə məqsəd strateji əhəmiyyətli kütləvi nəqliyyat infrastrukturu olan Bakı metropoliteninin fəaliyyətinin iflic olmamasını, eləcə də bu nəqliyyat vasitəsindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasını təmin etmək olub.