498
15:46
18 Oktyabr 2019

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar təqdim olundu

Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.
Lent.az xəbər verir ki, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir.
Nazir deyib: “Bu gün ölkəmizin mədəniyyət həyatında böyük işlər görülür. Bu sahədə çalışan insanlar öz üzərlərinə düşən işi daha yaxşı yerinə yetirməyə çalışırlar. Mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir. Bu gün ölkəmizdə Mədəniyyət Nazirliyinin tabeliyində 70 minədək mədəniyyət və incəsənət xadimi çalışır. Ümumilikdə ölkəmizdə 800 minədək insan yaradıcılığın müxtəlif sahəsində fəaliyyət göstərir. Mədəniyyət Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri də yaradıcılıq sahəsini inkişaf etdirməkdir. Dünyada yaradıcılıq sahəsi bir çox iş yerlərini formalaşdıran sənaye hesab edilir. Onların məhsulu cəmiyyət və insanlar tərəfindən qəbul olunur, bir növ gəlir mənbəyi funksiyasını yerinə yetir. Mədəniyyət sahəsində dövlətimizin başçısı tərəfindən kimlər mükafatlandırılırsa, əlbəttə, onlar çalışdığı sahələrdə etimadı doğruldan insanlardır”.
Nazir qeyd edib ki, təqdimat mərasiminin 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.
Sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Dövlət qulluğunda fərqlənmə”, “Tərəqqi” medalı, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar müəllim” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.
Mükafat alanlar ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.