591
writer1

Hafiz Təmirov

Məqalə sayı

7
12:46 17 Oktyabr 2019

Yurd yuxusu... - Polis mayoru yazır

Bəlkə də, çoxunuzun başına gəlib. Yuxuda doğulduğun kəndi, evi görüb oyanandan sonra heç kimə, ətrafında olan heç nəyə uyuşa bilmirsən. Dolu bir bulud misalı gəzirsən, bütün günü yuxundan ayrıla bilmirsən. Yuxuda gördüklərini axtarır gözlərin...
 
Yuxuda səsi də görmək olur, səs maddiləşir, hərdən ağaca, yarpağa, müxtəlif əşyalara, sonda isə insana çevrilir. Qəribəsi bilirsinizmi nədir, bəzən yuxuda insan səsini özünə həyan bilir, ona söykənir, onu özünə qoruqçu sayır. Azmı olub ki, yuxuda öz səsimizə oyanmışıq...
 
Yuxu idi, dəqiq bilirəm, amma adi yuxu deyildi. Pasport filan soruşmamışdılar. Nə gözlərindən oğurlanmışdım, nə də ki, gözəgörünməz olmuşdum. Düz gözlərinin içinə baxa-baxa sərhədi keçib o üzə getmişdim. Üstünə ayaq basdığım torpaq tanımışdı məni. Həmin an canımdan bir gizilti keçmişdi. Özümü tox tutmağa çalışmışdım, çünki o üzdə hönkürüb ağlamağımdan şüb-hələnərdilər. Bu ağlamağın adi bir ağlamaq olmadığının fərqinə varardılar. İlin-günün bu vədəsində o üzdə ayaq basdığı torpağın üstündə kim belə ağlayardı ki...
 
Həm 31 ilin həsrəti, nisgili, həm də, açığını desəm, can qorxusu ayaqlarımdan dəyirman daşı kimi asılmışdı. Üzüyuxarı uzanan yolun daşları, üstünə yiyəsizliyin kədəri çökmüş uçuq-sökük kənd evləri, kötüyü qalmış ağac yerləri qəfil gəlişimdən diksinmişdilər. Bəlkə də ürəklərində “Səni də Dilqəmin, Şahbazın gününə salacaqlar”, - demişdilər. Bəlkə də düşmən əlinə keçməyim deyə daşlar daşa dönməyimi, ağaclar ağac, kənd evləri də divarlarında çay daşı olmağımı arzulamışdılar. İndi bu qərib eldə məni kim tanıyırdı ki...
 
Mənə elə gəldi ki, 1989-ci ilin noyabrından, o müdhiş gecədən, sonuncu deportasiyadan bu günə kimi burda yaz, yay, payız fəsli olmayıb. Göyün üzü də, torpağın üstü də, altı da donub...
 
Bu nə yuxuydu görürdüm payız gecəsi...
 
  “Ötən günlərimi qaytaraydılar”,- deyib hefslənənlərin yanında mən lap qum dənəsiyəm. Ölçüyə gəlməsə də uşaqlığımla 38 yaşım arasında bir sözlük məsafə var... 
 
Yuxu içində yuxu görürdüm. O ev, o dam-daş, həyət-baca hamısı yerində idi. Bəs, bu evin sahibləri hara yoxa çıxıb? Bu almalar budaqları sındıracaq axı. “Kömür” zəncirini qırıb qonum-qonşunu evimizin yan-yörəsindən pələsəng edəcək. Ay, ev  yiyəsi, heç olmasa biriniz hay verin, heç olmasa biriniz səsə çıxın. 
 
Və birdən o səslər də itdi, o dam-daş da, o həyət-baca da. Bircə burnumda “yaylıq almaları”nın ətri qaldı. 
Bilirəm, bilirəm ki, bu yuxum da tezliklə çin olmayacaq. O vaxtacan isə yurdun ağrısı da, yuxusu da, hətta yuxuların yuxusu da məni qarabaqara izləyəcək.
 
Bəlkə də çoxunuzun başına gəlib. Yuxuda doğulduğun kəndi, evi görüb oyanandan sonra heç kimə, ətrafında olan heç nəyə uyuşa bilmirsən. Dolu bir bulud misalı gəzirsən, bütün günü yuxundan ayrıla bilmirsən. Yuxuda gördüklərini axtarır gözlərin...