196
11:34
17 Oktyabr 2019

Azərbaycanda yararsız ət satışının qarşısı alındı - RƏSMİ

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Lent.az -a verilən məlumata görə, növbəti belə tədbir Şəmkir rayonunda keçirilib.
Monitorinq zamanı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kiloqram mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.