237
18:37
14 Oktyabr 2019

FHN: Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir

Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.
Nəticədə insan faktoru aşkar olunmayıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb. Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 9 oktyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürülüblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib. Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.