964
09:32
21 Oktyabr 2019

Yollardakı TƏHLÜKƏ MƏNBƏYİ - Onları yoxlayan texnologiya hələ də ölkədə yoxdur

Azərbaycanda avtomobilləri 58 tondan artıq yükləmək qadağandır. Bəs buna tam əməl olunurmu?
Mediada yük avtomobillərinin törətdiyi qəzalar barədə tez-tez rastlaşırıq. Ən sonuncu belə xəbəri Qaradağ rayonu Korgöz daş karxanasından aldıq. İri tonnajlı yük avtomobili aşdı və sürücü müəyyən xəsarətlər aldı. Bakı-Quba yolunda isə 2 yük 1 minik avtomobilinin toqquşması ilə baş verən ağır qəzada bir ailənin 3 üzvü həyatını itirdi. Ümumiyyətlə, magistral yollarda ən çox yük avtomobilləri digər yol nəqliyyat iştirakçıları üçün təhlükə törədirlər. Ağır yük avtomobillərinin iştirakı ilə baş verən qəzalarda isə təəssüf ki, əksər hallarda insan ölümü qaçılmaz olur.
Məsələ ilə bağlı Lent.az -a danışan yol mühəndisi, ekspert Rauf Ağamirzəyev bildirib ki, avtomobillərə yüklənən yükün çəkisi, üzərinin örtülməsi yükün növündən asılı olaraq dəyişir. Mühəndis verdiyi açıqlamada külək nəticəsində və.s səbəblərlə yollara tökülə bilən yüklərin üzərinin örtülü olmasını məqsədəuyğun hesab edir:
“Yük avtomobillərinin hərəkətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Yol Polisi nəzarət edir. Ölkənin əsas yükdaşımaları şimal-cənub Astara-Yalama, şərq-qərb Ələtdən Qırmızı Körpü magistral yollarında gedir. Bunlar beynəlxalq tranzitdir. Daxili daşınmalar isə Qubadan və Qaradağdan, müvafiq olaraq çay daşları və mişar daşları daşınır. Yükün üzərinin örtülməsi onun növündən asılıdır. Məsələn, qum, qırma daşlar və.s əsasən küləkli havalarda digər nəqliyyat iştirakçıları üçün təhlükəlidir. Təbii ki, üstü örtülü olsa daha məqsədəuyğun olardı”.
Rauf Ağamirzəyev Azərbaycanda nəzərdə tutulan yükün həcmindən söz açaraq, normadan artıq yükün yollara vurduğu ziyandan danışıb:
“Avtomobillərə vurulan yükün həcmi də yolların növündən asılı olur. Şəhər yolları və regionlararası yollar var. Bizim yollarımız 5 kateqoriyaya aiddir və hərəsinin də öz norması var. Bu da sutka ərzində keçən avtomobillərin sayı ilə hesablanır. Həmin avtomobillər üçün 7 ox və 58 ton yük nəzərdə tutulub. Bundan artıq yükləmək yol örtüyü üçün ziyandır. Yola düşən ağırlıq həm də illik hesablanmalıdır. 2007-ci ildə cənab prezidentin sərəncamı var ki, saat 8-dən axşam 21-dək 5 tondan artıq olmayan kommunal xidmət və dövlət əhəmiyyətli maşınların paytaxta girməsinə icazə verilsin. 2015-ci ilin 4 iyununda isə yük avtomobillərinin gecə saat 12-dən səhər 7-dək Bakıya girişinə icazə verildi. Bunlar da çox ağır tonnajlı olmayan yük avtomobilləri idi. Ukrayna bu baxımdan daha bərbad haldadır. Onlarda göstəriləndən bir neçə dəfə çox artıq yüklənmə qeydə alınmışdı. İcazə 40 tona verildiyi halda, 205 ton yükləmə aşkar edilmişdi”.
Yol mühəndisi həmçinin bu kimi maşınların İsveçrəyə məxsus sistemlə aşkar edildiyini qeyd edib. Belə ki, yolda quraşdırılan aparat normadan artıq yüklənən avtomobili aşkarlayaraq skan edir və 1 km ətrafdakı yol polisinə ötürür. Sistemin üstünlüyü budur ki, ənənəvi yoxlamadan fərqli olaraq, hərəkətdə olan maşının da kütləsi müəyyən edilə bilir. Rauf Ağamirzəyevin sözlərinə görə, sözügedən müasir texnologiya hələ ki, Azəbaycanda istifadə edilmir. O, həmçinin ölkədə istifadə olunan ənənəvi tərəzinin isə nə dərəcədə düzgün işlədiyinin məlum olmadığını deyib.