631
16:42
10 Oktyabr 2019

Valideynlərin NƏZƏRİNƏ: Soyuqdəymədə bu dərmanları içmək olmaz - AÇIQLAMA

Payız fəsli özü ilə bərabər xəstəliklər də gətirir. Havalar soyuyan kimi uşaqlar arasında öskürək, soyuqdəymə, qrip kimi xəstəliklərin yayılma prosesi sürətlənir. Valideynlərin əksəriyyəti isə həkimə müraciət etməkdənsə, xəstələrə öskürək üçün sirop və ya antibiotik tərkibli dərmanlarla kömək edəcəklərini düşünürlər.
Uşaqlara bu dərman vasitələrini vermək düzgündürmü? Bu dərmanlar onlara mənfi təsir göstərə bilərmi?
Pediatr Sara Mansurova Lent.az -a bildirib ki, lazımsız yerə qəbul edilən antibiotiklər uşaqlarda ciddi problemlərin əmələ gəlməsinə səbəb olur:
“Xəstələnən hər uşağa dərman vermək düzgün deyil, antibiotik xəstəliyi aradan qaldırmır. Əgər söhbət yuxarı tənəffüs yollarının resepturasından gedirsə, əks göstərişi olmayan preparatlar var, onlardan istifadə etmək olar. Həmin dərmanlar isə profilaktikada yaxşı təsir göstərir. Amma uşaq artıq xəstəliyə yoluxubsa, temperatur çox yüksəkdirsə, onda pediatrın yanına aparılması daha yaxşıdır. Əgər uşaq soyuqlayıbsa, yaxud qripə yoluxubsa, yuxarı tənəffüs yollarının keçirici yollarının bərpası üçün burunu natrium-xloridlə yuyub açmaq olar. Sonra çoxlu miqdarda maye vermək, moruq, zoğal mürəbbəsi, kəklikotu, itburnu dəmləməsi içirtmək və başqa təbii yollarla uşağa kömək etmək daha yaxşıdır. Antibiotiklərdən virus zaman istifadə etmək qətiyyən olmaz. Çünki antibiotik uşaqların immun sistemini aşağı salır, göbələk xəstəliyinə, qaraciyər və böyrək çatışmazlıqlara səbəb ola bilir. Əgər virus infeksiyası fəsadlaşma verirsə, məsələn, bronxit, qaymarit, astma, pnevmaniya, o zaman antibiotik tərkibli dərmanlardan istifadə etmək olar. Ümumiyyətlə, antibiotiklərin mənfi təsirləri çoxdur, buna görə də valideynlər məsləhətsiz uşağa dərman preparatları verməməlidirlər.
Pediatr uşaqlarda yaranan öskürəklə bağlı problemə də toxunub:
“Uşaqlarda öskürək təkcə soyuqdəymədən deyil, allergik də ola bilər. Buna görə, dərman preparatları istifadə etmək məsləhət deyil. Yaxşı olar ki, uşağı əvvəlcə həkimə göstərib, problemin nə olduğunu aydınlaşdırıb, sonra müdaxilə edilsin”.