18160
10:34
11 Oktyabr 2019

Sənədsiz ev problemi: "Bu evlər sənədləşdirilməyəcək" - SƏBƏB

“Sənədsiz ev probleminin həlli yolu çox çətindir”.
Bu sözləri Lent.az -a daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib. O bildirib ki, sənədsiz evlərlə bağlı problemlərin hamısı eyni deyil:
“Bəzi sənədsiz evlər qanunsuz yerlərdə tikilib və ümumiyyətlə, həmin ərazilərdə tikintiyə icazə belə yoxdur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmandan sonra təxminən 400 bina ilə bağlı müvafiq addımın atılması nəzərdə tutulurdu. Ancaq bu proses uzun müddətdir gedir və yekunlaşmayıb. 400 binadan başqa onminlərlə sənədsiz ev var. Onların əksəriyyəti həyət evləridir. Ona görə düşünürəm ki, bu prosesin tamamilə yekunlaşması üçün hələ uzun müddət lazımdır”.
R.Əliyev qeyd edib ki, bütün evlərin sənədləşdirəcəyi fikirləri düzgün deyil:
“Çünki bütün evlərlə bağlı araşdırmalar aparıldıqdan sonra elə yerlər çıxacaq ki, orada qanunsuz yaşayış məskənləri salınıb. Zənnimcə, həmin evlərin problemləri qalacaq və onlara sənədlər verilməyəcək. Daha sonra isə bu mövzuda olan problemlərin həlli üçün addımlar atılacaq”.
Xatırladaq ki, hazırda Bakıda 500 minə yaxın sənədsiz tikilinin olduğu qeyd edilir. Bunların əksəriyyəti isə vətəndaşların yaşadığı fərdi evlərdir.