508
16:16
09 Oktyabr 2019

Bakı polisindən deputata CAVAB

“Metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur. Elektron mühafizə şəbəkəsi vasitəsilə eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var”.
Bu sözləri Lent.az -a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi mayor Elşad Hacıyev deyib.
O, deputat Aytən Mustafazadənin metroda nəzarətin zəif olması barədə Milli Məclisin oktyabrın 8-də keçirilən iclasındakı çıxışına cavab oalraq bildirib. E.Hacıyev qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı metroda tətbiq edilən qabaqcıl metod, üsul və vasitələrin verdiyi imkanlar şübhəli şəxslərin aşkarlanması, habelə şübhə doğuran hərəkətlər dərhal qeydə alınmaqla müvafiq tədbirlərin görülməsini təmin edir.
Xidmət rəisi “metroda yoxlamalar ciddi aparılmır. Məgər metroda polislər yoxdur?”, - iddiasına cavab olaraq bildirib ki, günün pik saatlarında metroya çoxsaylı sərnişinin daxil olduğunu nəzərə alsaq, hər bir şəxsin üzərinə, çantasına xüsusi avadanlıq vasitəsilə baxış keçirilsə, orda yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil: “Dünyanın heç bir ölkəsində bu təcrübə yoxdur. Yalnız şübhə doğuran, yoxlanılması zəruri hesab edilən sərnişinlərin üzərinə baxış keçirilir”.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında deputat Aytən Mustafazadə metroda yoxlamanın zəif olduğu barədə çıxış edib: “Bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur? Məgər metroda polislər yoxdur? Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.