588
12:50
09 Oktyabr 2019

Bu il milli naxışlı paltarlar dəbdə olacaq - MÜSAHİBƏ

Qadınları maraqlandıran əsas məsələlərdən biri geyim trendləridir. Son vaxtlar xanımların geyimlərində millilik, eləcə də milli ornamentlərdən istifadə geniş yayılıb.
Maraqlıdır, milli-mənəvi dəyərləri əks etdirən elementlər bu ilin dəbində varmı? Elementlərlə bağlı nələri bilməliyik?
Lent.az modelyer Gülnarə Xəlilova ilə müsahibəni təqdim edir:
- Gülnarə xanım, hər kəs bilir ki, siz milli geyimlərimizi hər zaman müasir formada gündəmə gətirməyi bacarırsınız. Bilmək istərdik, bu il hansısa milli-mənəvi dəyərlərimizi əks etdirən elementlər gündəmdə olacaqmı?
- Etnik üslub bir neçə ildən bir gündəmə qayıdır. Sözügedən üslubda söhbət tək bizim milli geyimlərdən getmir. Bir çox ornamentlər şərq ornamenti hesab olunur, elə butanın özü də. Məsələn, dəb aləmində butadan bütün şərq ölkələrində - Hindistanda, Çində və digər ölkələrdə istifadə edilir. Amma butaların mənasını hər adam bilməz, bilmək üçün sırf bu sahə ilə məşğul olmaq lazımdır.
- Bu il hansı elementlər dəbdə olacaq?
- Bilirsiniz ki, bizdə bu sahədə öz sözünü deyən professional modelyerlər barmaqla sayılacaq qədərdir. Mən öz dəbimi özüm diktə edirəm, mənə dünya dəbi maraqlı deyil. 20 ildir geyim üslubumdan tutmuş, yaradıcılığıma qədər özümə məxsusluğumu qoruyuram. Bu, çox önəmlidir. Mən Azərbaycan dizayneriyəmsə, Azərbaycanın təbiətinə, insanlarına, iqliminə uyğun diktə etməliyəm. Son illərdə isə ümumiyyətlə, diktə deyilən bir şey yoxdur.
- Sənətinizdə sizi təkrar edənlər varmı?
- İndi hamı mənim fikirlərini təkrar edir. Efirlərdə fikrimi deyirəm, yaxud bu haqda müsahibələr verirəm, dinləyirlər, oxuyurlar, sonra dediklərimi təkrar edirlər. Demişdim ki, bu il hər şey dəbdədir. Artıq modelyerlər fikrimi təkrar edib deyirlər ki, bu il bütün geyimlər, rənglər, üslublar dəbdədir. Ona görə ki, bunu mən deyirəm.
Heç vaxt kiminsə dediyini, etdiyini təkrar etməyi sevmirəm. İnsan özünə məxsus olmalıdır.
- Hər millətin özünə məxsus ornamentləri var. Maraqlıdır, onların arasında ən seviləni hansıdır?
- Bəlli bir dövrdə hər zaman gündəmə gələn etnik ornamentlər olur. Ümumiyyətlə, diametrik və ya həndəsi ornamentlər, eləcə də hər millətə xas olan etnik üslub hər il dəbdə olur. Son illər isə onu göstərir ki, şərqə məxsus ornamentlər daha çox dəbdədir.
Bildirim ki, Azərbaycanda təkcə buta ornamenti deyil və digər milli ornamentlərimiz var. Bunları özümüz gündəmə gətirməli və istifadə etməliyik.
- Sözügedən ornamentlərdən geyimlərinizdə istifadə edirsiniz?
- Məndən başqa bunlardan geyimlərində istifadə edənlər yoxdur. Bir sözlə, bu il hansısa elementi gündəmə gətirmək üçün mənim kimi vətənpərvər dizayner olmalıdır ki, hər zaman işləyib əziyyət çəksin. Gəzməyinə, səfərlərinə xərclədiyi pulu Azərbaycanı təmsil etməyə çalışsın və o geyimlərə pul yatırsın. Sonda onu gözəl bir şəkildə təqdim etsin.
Mənim üçün etnik üslub hər zaman dəbdədir. Çalışıram ki, hər bir müasir geyimdə və yaradıcılığımda milli mənəvi dəyərlərimizi əks etdirən ornamentlərdən istifadə edim.