639
19:09
04 Oktyabr 2019

Lavrovun iradı, İrəvanın gözlənilməz cəsarəti: Münasibətlər gərginləşməyə doğru - TƏHLİL

Rusiya-Ermənistan münasibətlərində son illər ərzində ilk dəfədir ki, bu cür soyuqluq müşahidə olunur. Heç şübhəsiz ki, bunun da əsas səbəbi Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət və verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlar, atdığı qeyri-ardıcıl siyasi addımlardır.
Ermənistan Paşinyanın səriştəsiz siyasəti nəticəsində özünün başlıca tərəfdaşını da itirməkdədir. İrəvanın təkləndiyi bir durumda Bakı bölgənin ən əsas oyunçularından birinə çevrilir. Bu gün Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. İstər Rusiyada, istərsə də Qərbdə anlayırlar ki, Azərbaycan regionun aparıcı dövlətidir və Bakı səmimi tərəfdaşdır. Ermənistan isə ziddiyyətli diplomatiya burulğanında boğulmaqdadır.
Nikol Paşinyana son günlər Rusiya tərəfdən ən ciddi zərbə bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovdan gəldi. “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında Dağlıq Qarabağ prosesinin nizamlanması ilə bağlı sualı cavablandırarkən S. Lavrovun söylədiyi fikirləri Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluğun bariz nümunəsi kimi səciyyələndirilə bilərik. Rusiya diplomatiya idarəsinin başçısı “Qarabağın Ermənistan olması barədə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir” mesajını verməklə, Paşinyanın ilhaq siyasətinin durdurmasının vacibliyini vurğulamış oldu.
Rusiyanın baş diplomatı qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə Xarici İşlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib.
“İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir” deyən S. Lavrov onu da vurğulayıb ki, Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işləyir. S.Lavrov, həmçinin, vurğulayıb: "Bizim baza sənədlərimiz, dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr mövcuddur, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik”.
Rusiya XİN başçısı onu da əlavə edib ki, baş verən insidentlər nəticəsində həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib, saxlanılan şəxslərin dəyişdirilməsinə isə hazırlıq gedir.
S. Lavrovun Paşinyanın bəyanatının nizamlama prosesinə zərbə vurduğunu söyləməsinə İrəvanın cavabı özünü çox gözlətməyib. Həmişə Rusiya ilə davranışlarında ehtiyatlı və qorxaq davranan, Moskvanı incidəcək ifadələrə yer verməmək üçün hər sözünə diqqət edən Ermənistandan səslənən bəyanat kifayət qədər sərt olub. Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan nə qədər təəccüblü olsa da, S. Lavrovu əməlli-başlı tənqid edib. “Ermənistan həmişə ATƏT-in Minsk qrupu formatının tərəfdarı olub və tərəfdarı olmaqda davam edir. Bu format münaqişənin sülh yolu tənzimlənməsi və həmsədr ölkələrin birliyini ehtiva edir. Buna rəğmən, biz hesab edirik ki, hər bir vasitəçi ölkə birtərəfli qiymətləndirmədən uzaq durmalıdır” deyib xanım sözçü.
Rusiya XİN rəhbərinin meyitlərin dəyişdirilməsinin baş tutması, saxlanılan şəxslərin isə dəyişdirilməsinı hazırlıq getməsi barədə dediklərini şərh edən Nağdalyan bu dəfə Lavrovu yalançı çıxarmaqdan belə çəkinməyib. Bildirib ki, meyitlərin dəyişdirilməsi kimi bir hal olmayıb: "Qarabağ tərəfi humanitar jest kimi azərbaycanlı hərbiçinin meyitinin götürülməsinə icazə verib. Saxlanılan şəxslərin dəyişdirilməsi məsələsini isə ümumiyyətlə müzakirə etmirik. Biz humanitar addım kimi hər bir məsələyə ayrılıqda baxılmasının və hüquq çərçivəsində həllinin tərəfdarıyıq”.
Ermənistan XİN sözçüsünün bu hikkəsi həqiqətən də təəccüblü görünür. Ermənistan hakimiyyətinin Rusiyaya münasibətdə davranışları, son olaraq da XİN sözçüsünün cəsarəti iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Əslində, S. Lavrov nizamlanma prosesinə mənfi təsir göstərə biləcək nüansa diqqət çəkir, bu mənada Paşinyanın bəyanatına işarə vurur. A. Nağdanyan isə Lavrovu mövqeyinə görə tənqid edir, şefindən aldığı cəsarətlə onu yalançı adlandırmaqdan belə çəkinmir.
Paşinyanın komandası açıq-aydın danışıqlardan qaçır, beynəlxalq hüquqa məhəl qoymur, vasitəçilərin fikirlərinə belə əhəmiyyət vermir. O vasitəçilərin ki, hər zaman Ermənistanın mövqeyini daha çox müdafiə ediblər. İrəvan bununla da, savaş və ilhaq siyasətinin davam etdirilməsini arzulayır, artıq Moskvanıl belə dinləmir. Proseslər bu istiqamətdə davam edəcəyi təqdirdə Rusiya və Ermənistan arasında münasibətlərinin daha da gərginləşcəyini proqnozlaşdırmaq olar.
APA Analytics