1667
14:35
03 Oktyabr 2019

“Şuşada olsaydım, son nəfəsimi orda verərdim, çıxmazdım...” – Xalq artisti

Onunla Şuşa teatrının yenicə təmirdən çıxmış binasında görüşdük. Əvvəlki bina görkəmini tamam dəyişib. Hər şey daha səliqəli, gözoxşayandır. Şükufə xanım isə əvvəlki kimi sakit, qayğılı, düşüncəli, hələ bir az da dalğın.

Xalq artisti Şükufə Musayevadır Lent.az -ın həmsöhbəti.

Onu çoxdan tanıyıram. İlk dəfə 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında S.Bekketin "Addım səsləri" əsərinin tamaşasında ana obrazında səhnədə görmüşdüm. Nə gizlədim, ondan sonra da yalnız festival tamaşalarında gördüm. Bakıda yerləşən bütün teatrların bütün tamaşalarına getmək mümkün deyil axı.

1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M.F.Axundov), 2002-ci ildə keçirilən A.Şərifzadə adına "Üfüq-XXI" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A.Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F.Mustafa) kimi obrazlarda. Sonuncu tamaşadakı performansı heç yadımdan çıxmaz. Tamaşa artıq başa çatmışdı, aktrisa özünə gəlməmişdi. Təzimə göz yaşları içində qayıtmışdı, obrazdan çıxa bilmirdi. Tamaşanın mövzusu yarasına basmışdı, yaşadığı məşəqqətli illəri yenidən səhnədə yaşamışdı.

- Sizinlə son görüşümüzdən bəri həyatınızda nə dəyişib? Mənim bildiklərim Xalq artisti fəxri adı almağınızdır, teatrınızın binasının belə yenilənməsidir... bilmədiyim nə var?

- Elə onlardı. Başqa bir yenilik yoxdur.

- Ev almamısınız?

- Yox, yataqxanadayam. Bir az kirayədə yaşadıq yoldaşımla. İndi yataqxanada oluruq. Bizim taleyimizdə müharibə rol oynadı. Yataqxanada yaşamağımız, gec ailə qurmağımız hamısı onun fəsadlarıdır. 53 yaşım var, 43 yaşımda ailə qurmuşam. Yoldaşım ali təhsillidir, normal iş tapa bilmir. O da qarabağlıdır. Hərəmizin taleyində bir cür izi var Qarabağsızlığın.

- Ağır əməliyyat keçirdiniz, indi yaxşısınızmı?

- Şükür, sağ-salamatam, amma böyük istəklərimdən vacibi ana olmaq idi, ona qovuşmaq şansım daha yoxdur. Ailə qurandan az sonra qarnım şişməyə başladı, sevindim, elə bildim ki, hamiləyəm. O ümidlə getdim həkimə. Məyus oldum, dedilər ki, uşaqlıqda şiş əmələ gəlib. Həkimlər bildirdilər ki, qalsa, bədxassəliyə çevriləcək. İrana getdik, orda da eyni diaqnoz qoyuldu. Dövlət klinikasına düşə bilmədik, çox pul istədilər, bizdə o vəsait olmadı. Dedilər ki, bəlkə onlar müalicə edə bilərdilər, amma o da bəlkə. Özəl klinikada əməliyyat edib, bütün uşaqlığı götürdülər.

- Keçmiş olsun. Böyük istəklərim-dediniz...

- Çatdığım yeganə arzum aktrisa olmaq oldu. Kinoya çəkilmək arzum da həyata keçməyib. Bütün həyata keçməyən arzularımdan vaz keçərəm, təki torpaqlarımız geri alınsın. Əhd etmişəm, iməkləyə-iməkləyə gedərəm Şuşaya. Ürəyimi şeir yazmaqla boşaldıram. Siz də deyirsiniz, çox qayğılıyam, dalğınam.

- Düzü, mən ehtiyatla başladım söhbətə ki, yaralı yerimiz Şuşa mövzusuna keçid edəndə sizi incitməyim. Bir halda ki söhbətimiz gəlib ora çıxdı, əvvəldən başlayaq, ailənizdən, uşaqlığınızdan.

- Uşaqlığım Bərdədə keçib. Ailədə doqquz uşaq olmuşuq, mən ən kiçiyiyəm. Üç yaşımda olanda anam həlak olub. Yük maşının üstündə qonşu kəndə yas yerinə gedirlərmiş, maşının qarşısına maneə çıxıb qəflətən. Sürücü əyləci basıb anamın sinəsi maşının kuzovuna möhkəm sıxılıb, daxili orqanlarında qanaxma baş verib. Əvvəl hiss olunmayıb, sonradan özünü yaxşı hiss etməyəndə aparıblar həkimə, həkim deyib gecdir. Anamın hamımızı yanına çağırtdırıb vidalaşması indiyə qədər gözümün qabağında canlanır. Çox keçmədən atam evləndi. Uşaqlara baxmaq lazım idi. Doqquz uşağa baxmaq kişi üçün asan deyildi. Ögey ana baxırdı bizə. Ananı əvəz edə bilməzdi amma.

Məktəbdə uşaqlar analarından danışanda mən söhbətdən yayınırdım, içimdə bir yanğı hiss edirdim. Kimisə anası ilə görəndə ona çox qibtə edirdim. Zaman keçdi, bacı-qardaşlarımın hamısı böyüdü, hərə öz yolunu seçdi. Böyük qardaşım müğənni idi, uzun illər teleradionun solisti olub. Rəhmətə gedib, bir bacım da həmçinin.

- Şuşaya nə vaxt köçdünüz?

- Köçmədik, Şuşada Mədəni-Maarif Texnikumuna daxil oldum. Onunla da mənim həyatım orda davam etdi. Hələ dördüncü sinifdə oxuyanda inşamda yazmışdım ki, kinoaktrisa olacam. Müəllimim oxudu, gülümsədi, soruşdu ki, qızım, qoyacaqlar səni aktrisa olmağa? Dedim, bilmirəm, amma olacam. Filmlərə çox baxırdım. Yadımda deyil hansısa aktyorun, yaxud aktrisanın oyununa heyran olub aktrisa olmaq arzulayım. Bütünlüklə o sənət məni ovsunlamışdı. O vaxt məktəbdən bizi pambıq yığmağa aparmışdılar, məktəblilərə qoyulan normadan artıq pambıq yığmışdım. Briqadir baxdı mənə, təəccüblə dedi ki, bu o qədər pambığı necə yığıb, pambıqyığana yox, aktrisaya oxşayır. Ürəyimə yağ kimi yayıldı.

Texnikumda oxuyanda artıq Şuşa Mədəniyyət evində tamaşalarda oynayırdım. Şuşa Teatrının tarixi qədimdir, 1948-ci ildə bağlanıb, 90-cı ildə yenidən bərpa olunub. Teatr bərpa olunandan sonra çox maraqlı tamaşalar, yaxşı rollarım oldu. Uşaq rolundan tutmuş əsas obrazlara qədər oynamışam. Şıxəli Qurbanovun “Özümüz bilərik” tamaşasında Nailəni oynamışdım, Şuşada hamı mənə obrazın adi ilə Nailə deyə çağırırdılar. “Uzun Həsən” tamaşasında Trabzon gözəlini də oynamışam, Dəspinə Xatunu da. Cavan yaşımda “Arşın mal alan” musiqili komediyasında Tellini, Asyanı, Cahan xalanı oynamışam. Hamısı mənə əzizdir.

- Ailədən narazı olmadılar aktrisa olmağınıza? Bəlkə ananız olsaydı qoymazdı – deyə düşündünüz heç?

- Anam necə reaksiya verərdi, heç təsəvvür edə bilmirəm. Çox balaca olmuşam, onu heç tanımağa imkanım olmayıb. Düzü, anasızlığı hiss etsəm də, acı olmayıb uşaqlığım. Həyatda heç haqsızlıqla rastlaşmamışam. Uşaqlığım anasızlıqla keçsə də sonradan düşdüyüm mühit, kollektiv çox gözəl olub. O qədər yaxşı mühit idi ki, indi mənə nağıllar aləmi kimi gəlir. Real həyat başqa cürdür, elə saflıq yalnız nağıllarda olur. Çəhrayı arzularla yaşayardıq, hər şey gözəl görünürdi gözümə.

- Nə vaxta qədər?

- Müharibəyə qədər. Müharibə arzularımın üstündən qara xətt çəkdi. Həyatda haqsızlığı yalnız ermənilər tərəfindən gördüm. Bəlkə ona görə bu hadisələr mənə bu qədər ağrılı təsir buraxdı. Müharibə bütün həyatımı alt-üst etdi. Ən gözəl, gənc yaşlarımda müharibəyə getdim. Özümdən asılı deyildi, kənarda qala bilmədim.

Torpaqlarımızın düşmən əsirliyində qalmasını indi də həzm edə bilmirəm. Bir dəfə cəbhə bölgəsinə qastrola getmişdik. İndi bizim olmayan dağlara baxanda göz yaşlarımı saxlaya bilmədim. Qəti barışa bilmirəm ki, indi o dağlara ayaq basa bilmirik. Niyə? Kim ixtiyar verib onlara ki, torpaqlarımızı əlimizdən alıb, bizi öz vətənimizə həsrət qoysunlar? Bu hisslər elə məni müharibəyə aparmışdı. Böyük Vətən müharibəsini kinolarda görmüşdük. Görmüşdük ki, hər kəs bacardığı qədər müharibəyə qatılır, vətənə borcunu yerinə yetirir. Uşaqdan tutmuş böyüyə qədər. Şuşanı atəşə tutub dağıdırdılar, hamı qaçırdı. Mən qaçmağı da özümə sığışdırmırdım, dümdüz yolumla gedirdim. Torpağı qorumalıyıq – deyə gecə-gündüz düşünürdüm. Aktrisalıqla kifayətlənə bilməzdim. Düşündüm ki, əgər Şuşa əldən gedəcəksə, mən necə səhnəyə çıxıb rol oynayaram, kimin üçün oynayaram?

- Necə oldu getdiniz döyüşlərə?

- Şuşada vəziyyət elə idi ki, əlimdən hansı iş gəlirdisə, hansı sahədə ehtiyac olurdusa özümü orda tapırdım. Yaralılara da qulluq etmişəm, onları döyüş xəttindən çıxardıb, ilk yardım göstərmişəm. Döyüşmüşəm də, rabitəçi kimi də fəaliyyətim olub. Əsgərlər üçün yemək də bişirmişəm. Sonralar döyüşməyə başladım. Şuşa işğal olunanda mən Laçın istiqamətində döyüşlərdə idim. Xəbər gəlib çatanda inanmadım, inana bilmədim, dedim, Şuşa ermənilərə verilə bilməz, döyüşçülərimiz ölərlər, verməzlər. Dedilər, elə ölüblər ki, Şuşa işğal olunub. Çox hadisələr olurdu, yəqin tarix üstünə çəkilmiş pərdəni yırtan vaxt olacaq. Həmişə elə olub, heç bir tarixi olay pərdə altında qalmayıb, uzun müddət gizlədilsə də bir gün aşkar olunub. Şuşada olsaydım, son nəfəsim orda çıxardı, çıxmazdım ordan.

- Yaralanmağınız necə olub?

- Ağdərədə döyüşdə yaralandım. Təpədən-dırnağa bədənim qəlpələrlə dolmuşdu. Qarşı tərəfdən tutmuşdu məni atəş. Ona görə də üz-gözüm, boğazım, qollarım, qarın nahiyəm hamısı yaralanmışdı, büsbütün qəlpə qırıntısı idi. Tərtər hospitalında əməliyyat olunmuşam, amma vəziyyətim ağır olub. Gətiriblər Bakıya “Semaşko”ya, orda bir müddət qalandan sonra hərbi hospitala aparıblar. Bir il belə keçib. Sağalandan sonra döyüşlərə qayıtmaq istədim, həkimlər icazə vermədilər. Qayıtdım teatra. Artıq atəşkəs idi, Şuşa teatrı Bakıda məskunlaşmışdı. İndi yalnız teatr kollektivi ilə gedib döyüş bölgələrində tamaşalar göstərəndə nisbətən özümü gərəkli hiss edirəm. O vaxt da hospitaldan çıxandan sonra hələ üz-gözümün yaraları tam sağalmamış tamaşa ilə cəbhə bölgəsində gedib əsgərlər qarşısına çıxmışdım. Dodağımın üstü indi də qırış kimidir, ordan qəlpə çıxarılıb, o vaxt lap betər vəziyyətdə idi. Sonradan estetik əməliyyat olundum. Onunla belə bir az hiss olunur, gözümün üstündə, boğazımda izlər var. Bədənimdə olan qəlpələrin hamısı çıxarılmayıb, eləsi var ki, çıxarılması alınmır gəzdirirəm özümlə. Olsun, Qarabağdan nişanədir...