2778
20:15
09 Oktyabr 2019

Düşməni lərzəyə salan yeni silahlarımız - Onlar hansılardır?

“Hərbi xəbərlər və məlumatlar” səhifəsinin admini, hərbi bloqqer Tofiq Şahmuradov son illərdə alınan raket-artilleriya sistemləri barədə danışıb.
Lent.az bildirir ki, bloqqer açıqlamasında aprel döyüşlərindən sonra Azərbaycan ordusunun arsenalına daxil edilən müasir texnikalardan bəzilərinin adlarını çəkib:
“Azərbaycanın aldığı silahlar əsasən raket-artilleriya silahlarıdır. Belarusdan 300 kilometr məsafədə hədəfləri dəqiq vuran “Polonez” taktiki-əməliyyat raketləri alınıb. Ötən il ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda da həmin raketlər nümayiş olundu. Bundan başqa, İsraildən 450 kilometrə qədər məsafədə olan hədəfləri dəqiqliklə məhv edən “LORA” (Long-Range Artillery Missile) operativ-taktiki raket sistemi alınıb.
Çexiyadan Rm-70 (Vampir) reaktiv yaylım sistemi və 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsa alınıb. Bundan əlavə, ordumuzun arsenalında İsraildən alınmış “Lynx” yaylım atəşli reaktiv sistemlər də mövcuddur. Bunlar "KamAZ" şassisi üzərində yığılmış 40 (2x20) ədədlik paket ilə 122 mm-lik "Qrad" raketlərindən 20-40 kilometr məsafədə, 26 (2x13) ədədlik paket ilə 160 mm-lik LAR-160 və ya ACCULAR raketlərindən 45 km məsafədə və ya 8 (2x4) ədədlik 300 mm-lik EXTRA raketlərindən 150 km məsafədə hədəfləri vurmaq olar.
Türkiyədən T-122 “Sakarya”, və 180 km-lik “Qasırğa” ( T-300) reaktiv yaylım sistemləri alınıb ki, keçənilki paradda nümayiş edildi. İsraildən alınan "Harop" kamikadze pilotsuz uçuş aparatları düşmənin dərinliklərində olan hədəfləri də məhv etmək iqtidarındadır və aprel döyüşlərində çox uğurla sınaqdan çıxarılmaqla yanaşı, düşmənə dəhşət yaşatdı, Ölkədə istehsal olunmaqla yanaşı, İsraildən alınan pilotsuz uçuş aparatları var. Azərbaycan ordusunda pilotsuz uçan aparatlar düşmənlə müqayisədə daha çoxdur. Ordumuzun arsenalında "Heron","Hermes" kimi dünyada öz sinfində ən güclü olan PUA lar mövcuddur”.
Tofiq Şahmuradov düşmənin hərbi bazasında Azərbaycan ordusunun silahlarını üstələyəcək texnika olmadığını və məşhur “İskəndər-M”lərin xəyalları puç etdiyini deyib: “Ermənilərdə bizi qorxutmaq istədikləri “İskəndər-M” raketləri var. O da dəqiq bilinmir onlarındır, ya yox. Həm də “İskəndər-M”lər də özünü doğrultmayıb. Çünki Rusiyanın Ukrayana və Gürcüstana atdığı həmin raketlər özünü sübut etmədi. 2008-ci ildə Gürcüstana atılan iki “İskəndər-M”dən biri “Niva”nın, biri də evin üstünə düşüb və partlamamışdı. Hərbi hissəni vurmaq istəmişdilər, böyük bir sapma ilə evlərə tərəf istiqamət almışdı. Ordunun silahlanmasında “Smerç”, “Tos-1”lər var.
Aprel döyüşlərində Seysulan istiqamətində “Tos-1”dən istifadə olunub. Ermənilərin açıqlamasına görə, həmin atəşlərdən sonra 75 nəfər ölmüş, 150 nəfər də yanıq xəsarətləri ilə hospitala yerləşdirilmişdi. Atəş məsafəsi 6 kilometr olan bu odsaçanları ermənilər də aprel döyüşlərindən sonra aldı. Silahlanmada “T-90S” tankları var ki, erməni ordusunda bunlar yoxdur”.
Hərbi bloqqer aprel döyüşlərindən sonrakı dövrdə silah alınan ölkələr sırasında Rusiyanın adını çəkmədi. Açıqlamaya əsasən, 2016-dan bəri Azərbaycanın silah aldığı ölkələr Çexiya, Türkiyə, İsrail və Belarus olub. Rusiyadan isə əsasən aprel döyüşlərinə qədər “Smerç”, “Tos-1A”, “T-90S” raket-artilelriya sistemləri, odsaçanlar və müasir tanklar alınıb.