3278
13:14
02 Oktyabr 2019

2009-cu ilin avtomobilini ucuz qiymətə ala bilərsiz - Bu qaydada...

2009-cu ilin Volkswagen Passat avtomobili 4600 manata satılıb.
Avtomobil həvəskarları üçün bu qiymətlər göydəndüşmə hesab olunur. Bu da Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin keçirdiyi hərraclarda mümkünə çevrilir. Hər ay bir və ya daha artıq sayda keçirilən dövlət əmlaklarının hərrac müsabiqəsində ən böyük maraq cəlb edən seçimlər içərisində avto nəqliyyat vasitələri üstünlük təşkil edir. Belə ki, hərracda iştirak edən vətəndaşlar ən çox nəqliyyat vasitələri üçün rəqabət aparırlar. Bunun həm də qiymətlərin əlçatan olması ilə bağlı olduğu şübhə doğurmur.
Məsələ ilə bağlı, Lent.az -a açıqlama verən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov hərraca çıxarılan avtomobillər barədə danışıb:
“Komitə 1996-cı ildən dövlət əmlaklarının özəlləşdirmə hərracını keçirir. Həmin tarixdən bu günədək 13818 avtomobil keçirilən hərraclarda vətəndaşlar tərəfindən özəlləşdirilib. Hərracda müxtəlif marka və model avtomobillər- Vaz, Mistubishi, Nissan, Hyundai, UAZ, KİA və.s iştirak edir. Müsabiqələri daha da qızışdıran, rəqabətli edən məhz avtomobillərin özəlləşmə prosesidir. Başlanğıc qiymətlər avtomobildən asılı olaraq ən çox 1000 manatdan 5000 manata qədər olur. Avtomobillərin istehsal tarixi də müxtəlifdir. Hətta 80-ci illərin maşınları da bu gün keçirilən hərrac müsabiqələrində yer alırlar. Sonuncu hərracda 2009-cu ilin Volkswagen Passat avtomobili 3500 manat başlanğıc qiymətindən 4600 manatadək yüksəldi”.
Qulu Xəlilovun sözlərinə görə, hərraclarda iştirak etmək istəyən bütün vətəndaşlar elektron qaydada müraciət edərək hərraclarda iştirak edə bilərlər. Onu da qeyd edək ki, 2013-cü ildən 2018-ci ildə daxil olmaqla keçən dövr ərzində Əmlak Məsələləri Dövlət üzrə Dövlət Komitəsinin keçirdiyi hərraclarda bir dənə də olsun avtomobil özəlləşməyib. Ən çox maşın özəlləşməsi 1998-ci ildə qeydə alınıb- 3629 ədəd, ən az isə 2009-cu ildə - 140 ədəd.