259
17:40
21 Sentyabr 2019

Yetkinlik yaşına çatmayanlara araq və siqaret satanlar cəzalandırılıb

Xırdalan şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslərə protokollar tərtib olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Sentyabrın 20-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Xırdalan şəhəri ərazisində 2 mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.