200
11:36
20 Sentyabr 2019

Dövlət təminatında yaşayan uşaqların SAYI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 8 minədək uşaq stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, onların sırasına sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu, baxımsız və sosial təhlükəli vəziyyətdə olan, həmçinin eşitmə və nitq qabiliyyəti olmayan və başqa kateqoriyalara aid uşaqlar daxildir. Uşaqlardan 350-yə yaxını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər iki müəssisədə ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Digər uşaqlar isə DSMF-nin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, habelə nazirliyin sifarişi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

Xüsusilə bu ildə günərzi və icma əsaslı reabilitasiya müəssisələrinin, surdoloji xidmət, habelə daun və autizm sindromlu uşaqlar üçün psixoloji yardım və s. mərkəzlərin şəbəkəsi xeyli genişləndirilib. Bu da müvafiq kateqoriyalardan olan uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminat səviyyəsinin də artmasına imkan verib.