233
13:01
17 Sentyabr 2019

Təhsil Nazirliyinin əməkdaşları tavanı çökən məktəbdə olublar

Goranboy rayonunun Boluslu kənd tam orta məktəbinin bir sinif otağında tavanın çökməsi ilə bağlı Təhsil Nazirliyinin müvafiq əməkdaşları dünən təhsil müəssisəsində olublar.
Goranboy Rayon Təhsil Şöbəsindən APA -ya verilən xəbərə görə, hazırda məktəbin həmin binasında tədris aparılmır və şagirdlər 2004-cü ildə yeni tikilərək istifadəyə verilən 8 otaqdan ibarət məktəb binasında ikinövbəlilik əsasında dərslərini davam etdirirlər. Məktəbin köhnə binasının hazırkı vəziyyətdə istifadəyə yararlı olub-olmaması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Goranboy rayonunda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilir. Belə ki, proqram çərçivəsində Goranboydakı Səfikürd kənd tam orta məktəbinin tikintisi, R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın, Qızılhacılı qəsəbə 1 nömrəli, Xanqərvənd, Balakürd kənd, Borsunlu kənd 1 nömrəli, şəhər 2 nömrəli, Dəliməmmədli şəhər tam orta məktəblərinin əsaslı təmiri, həmçinin Abbasqulular və Gülməmmədli kənd modul tipli ümumi orta məktəblərin quraşdırılması nəzərdə tutulur.