236
18:40
16 Sentyabr 2019

Ərəb koalisiyası: Neft obyektlərinə hücumda istifadə edilən silahlar İrana aiddir

Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib.
APA -nın "Al-Arabiya" telekanalına istinadən verdiyi xəbərə görə, koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib ki, istintaq davam edir və hər iki hücumda istifadə edilən silahların İrandan gəldiyinə dair məlumatlar var.
T.əl-Maliki istintaq başa çatdıqdan sonra, nəticə barədə əlavə məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir.