273
18:11
15 Sentyabr 2019

"Etimadı tam doğrultmadığımı bilirəm" - Eldəniz Əzizli

"Zirvəyə qalxmaq çətin, orada qalmaq ondan da çətindir".
APA -nın məlumatına görə, bunu Azərbaycan güləşçisi Eldəniz Əzizli deyib.
55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yeri tutub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan bürünc medal uğrunda amerikalı Maks Emilyano Nouriyə cəmi 39 saniyəyə qalib gəlib (8:0).
E. Əzizli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: "Bu gün yenə fəxri kürsüdə yer alacağam, Azərbaycan bayrağı dalğalanacaq. Buna görə sevinirəm. Ancaq etimadı tam doğrultmadığımı bilirəm. Çalışacağam ki, növbəti yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxım".
O finala çıxa bilməməsində öz səhvinin həlledici olduğunu vurğulayıb: "Məşqçilər düzgün taktika vermişdilər. Nəyin necə olacağını demişdilər. Amma səhv etdim. Uduzulası rəqib deyildi".
Qeyri-olimpiya çəkisində dünya üçüncüsü olan pəhləvan Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərdə iştirakının federasiya rəhbərliyindən asılı olduğunu deyib: "Federasiya rəsmiləri və baş məşqçi Şaban Donatın seçimi necə olacaqsa, onunla razılaşacağam. Əgər mənə etimad göstərib 60 kq-da sınamaq istəyərlərsə, özümü göstərməyə çalışacağam. Ən yaxşısını məşqçilər bilirlər. Dünya çempionatında da bunu sınamaq olardı. Amma özüm bunu istəmədim. Ardıcıl ikinci dəfə dünya çempionluğunu hədəfləyirdim. Yunan-Roma güləşində Azərbaycanda Fərid Mansurovdan başqa ikiqat dünya çempionu yoxdur. Onun rekordunu təkrarlamaq istəyirdim. Qismət belə alındı. Əgər bundan sonra 60 kq-da yoxlamaq istəsələr, buna tam hazırlaşacağam. Qarşıda lisenziya turnirləri var".
O, çəkisini dəyişərək, Tokio-2020-yə yollanacağına inam ifadə edib: "Lisenziya idmançıya deyil, ölkəyə verilir. London Olimpiadasında da bunun şahidi olduq. Lisenziyaya Kamran Məmmədov yiyələnsə də, Oyunlara Həsən Əliyev yollandı. Yenə hər şey məşqçilərin seçimindən asılı olacaq. Layiq görəcəklərsə, güləşəcəyik".