327
09:42
15 Sentyabr 2019

İranlı komandan: “Bölgədəki hərbi baza və gəmiləri vuracaqdıq”

İki min kilometr məsafəyə qədər ABŞ-ın bölgədəki bütün hərbi baza və gəmiləri İran raketlərinin hədəfindədir.
APA -nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-mayor Əmir Əli Hacızadə bildirib.
General deyib ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ pilotsuz təyyarəsini vurduqdan sonra bu ölkənin Qətər və BƏƏ -dəki bazalarını, eləcə də Oman dənizində hərbi gəmisini hədəfə almışdı. "Hava məkanımızı pozan təyyarəni vurduğumuz üçün onlar cavab versəydilər, dərhal həmin hədəfləri vuracaqdıq. Onlar yenə cavab versəydilər, müharibə başlayacaqdı. Biz hava məkanımıza 1 metr belə təcavüz edilməsinə qarşı həssasıq, onların pilotsuz təyyarəsinin vurulması bir xəbərdarlıq idi”.
Xatırladaq ki, bu il iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus “RQ-170 Sentinel” pilotsuz kəşfiyyat təyyarəsini vurduğunu bəyan edib. ABŞ isə pilotsuz kəşfiyyat təyyarəsinin Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.