159
03:11
12 Sentyabr 2019

İsrail aviasiyası Qəzza bölgəsinə yeni zərbələr endirib

İsrailin döyüş təyyarələri ölkə ərazisinə atılmış raket zərbələrinə cavab olaraq Qəzza zolağında Fələstinin radikal Həmas hərəkatının bir neçə hərbi obyektinə zərbələr endirib. APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir gün əvvəl İsrailə Qəzza zolağından raketlər atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri Qəzza zolağının şimalındakı bir neçə Həmas obyektlərinə zərbələr endirib. İsrail ordusu ölkə vətəndaşlarına zərər vurma cəhdlərinin qarşısını almağa davam edəcək və Qəzza zolağında baş verən bütün hadisələrə görə Həmas məsuliyyət daşıyır”, - deyə hərbi açıqlamada bildirilib.

Çərşənbə günü İsrail hərbi qüvvələri Fələstin anklavından üç raketin atıldığını müəyyən edib. Bu zərbələr nəticəsində xəsarət alan olmayıb. Qəzza zolağında fələstinlilərlə İsrail ordusu arasında qarşılıqlı raket atışları üçüncü gündür davam edir.