389
13:31
11 Sentyabr 2019

"Artıq dəyişiklik edilməsinin zamanı yetişib" - Nazir

"Qarşımızda duran vacib məsələlərdən biri tam orta təhsil səviyyəsində məktəb daxilində keyfiyyətli təhsilin təmin edilməsidir. Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük".
APA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bəzi məktəblər təhsili yüksək səviyyədə təşkil edə bilmir: "Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşma və dəyişiklik edilməsinin zamanı yetişib. Çünki son bir neçə il ərzində qanunvericiliyə edilən dəyişiklik nəticəsində məktəb və yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı xeyli artıb".
Nazir bildirib ki, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda, onların təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə təmayül siniflərinin yaradılmasının çətinlikləri nəzərə alınıb. Təmayül siniflərinin 20 şagirdlə deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir".
Təhsil naziri tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini qeyd edib.
Nazir eyni zamanda bildirib ki, şagirdlərin sağlam böyüməsi, fiziki və mənəvi inkişafı üçün düzgün dəyərlərin formalaşdırılması ən vacib istiqamətlərdəndir: "Bu baxımdan Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin, ünsiyyətin formalaşdırılması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb olunması qarşımızda duran vəzifələrdəndir. Hesab edirik ki, məktəb rəhbərləri məktəb daxilində istənilən neqativ, psixoloji, mənəvi zorakılıq hallarının aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar. 2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik".