264
19:22
11 Sentyabr 2019

“Pəhləvan” kafesini əxlaqsızlıq yuvasına çevirən qardaşların işi MƏHKƏMƏDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA -nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirlib. Məhkəmə baxışı sentyabrın 13-ə təyin edilib.
Qeyd edək ki, Qabil Ramazanov, Habil Ramazanov və Yalçın Əzimlinin saxlanılması üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.
Abşeron rayonunda yerləşən “Pəhləvan” kafesində keçirilən əməliyyat nəticəsində məlum olub ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə etdikləri üzə çıxıb.
Bundan başqa, həbs olunan zaman Qabil Ramazanovdan külli miqdarda narkotik vasitə aşkar olunub.
İstintaq orqanı Qabil Ramazanov barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.
Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.