320
01:36
09 Sentyabr 2019

Azərbaycan yığması AVRO-2020-nin final mərhələsi şansını itirə bilər

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

APA -nın məlumatına görə, yığma AVRO-2020-nin seçmə mərhələsində II dövrəyə start verəcək.

E qrupunda çıxış edən Nikola Yurçeviçin yetirmələri VI turda Xorvatiya ilə görüşəcək. Bu, komandamızın 5-ci matçı olacaq.

Əvvəlki oyunlarında səfərdə Xorvatiya və Uelsə eyni - 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzan milli ilk xalını dünya çempionatının gümüş mükafatçısından almağa çalışacaq. N.Yurçeviçin həmyerliləri üç gün öncə Slovakiyanı 4:0 hesabı ilə yendiyindən liderliyə iddialıdırlar.

Keçirdiyi bütün görüşlərdə qol vuran, amma hamısında uduzan yığma üçün “Bakcell Arena”dakı qarşılaşma həlledicidir. Çünki qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan Azərbaycan yığması Xorvatiyaya uduzsa, 13 ölkədə keçiriləcək həlledici raunda vəsiqə şansını rəsmən itirəcək. Onsuz da bunu bacarması real görünməyən yığma nəzəri imkanlardan da məhrum olacaq. “Bakcell Arena”da məğlubiyyət qeydə alınsa, son üç matçdakı qələbə də möcüzəni mümkünsüzə çevirəcək.

Heç-heçə də millinin vəzifəsinin öhdəsindən gəlməməsini rəsmiləşdirə bilər. Bunun üçün bir neçə saat sonra başlayacaq matçda Macarıstan Slovakiyanı məğlub etməlidir. N.Yurçeviçin yetirmələri uduzmasa, slovakiyalıların xal qazanması kağız üzərində şansları qoruyacaq.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
E qrupu
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya
Baş hakim:
Sandro Şarer
Baş hakimin köməkçiləri:Stefan De Almeyda, Alain Heiniqer
Dördüncü hakim:Fedayi San
(hamısı İsveçrə)
Hakim-inspektor:Aleksandru Dyakonu (Moldova)
UEFA nümayəndəsi:Sergey İliç (Belarus)
Bakı. “Bakcell Arena” stadionu

1

Macarıstan

4

3

0

1

6-4

9

2

Xorvatiya

4

3

0

1

9-4

9

3

Uels

4

2

0

2

4-4

6

4

Slovakiya

4

2

0

2

7-6

6

5

Azərbaycan

4

0

0

4

4-12

0