3087
11:19
08 Sentyabr 2019

7 oğuldan biri, 26 ilin Məcnunu: “Həyatda bircə Leylim olub...” - PORTRET

1960-cı il oktyabrın 1-də, mənəviyyatın maddiyyatdan irəli olduğu, insanların istiqanlı, təbiətin gözəlliklərinə toxunulmamış, həyatın şirin vaxtlarında dünyaya gəlib. Özü də Tanrının sevdiyi, bütün nemətləri, gözəllikləri, istedadı, yer üzünə və insanlığa aid nə varsa hamısını bəxş etdiyi torpaqlarda - Qarabağda, doğulub. Bu o deməkdir ki, yaranışından istedadlı olub.

Lent.az Mənsum İbrahimov barədə yazını təqdim edir:

Ona babasının adını veriblər - Mənsum. Babanın gözəl səsi varmış, adı ilə səsini verir əziz nəvəsinə elə bil.

Atası aqronom işləyib kolxozda, amma əksər qarabağlılar kimi muğamın vurğunu imiş. Anası evdar qadın, üstəlik 9 uşaq böyüdüb, tərbiyə edib - 7 oğul, 2 qız. Oylağı Xan qızı Natavanın saldırdığı Soltanbud təpəsinin ətrafı idi. Ağdamın İmamqulubəyli kəndində doğulub-böyüyüb.

O yerlər haqqında indi danışmaq, oralardan söhbət açmaq mənə də çətindir, müsahibimə də.

O vaxtın bütün uşaqları, gəncləri kimi, ayağı yer tutar-tutmaz əməyə qatlaşıb: “Kənddə nə qədər iş görülürsə, uşaqlıqdan hamısını eləmişik. Axşamlar hamı işdən qayıdıb meydana yığışardı, futbol, şahmat, dama oynayan kim, yığılıb söhbət edən kim. Konsertlər olardı o meydanda. Sara xanımı, Şövkət xanımı orda canlı dinləmişəm”.

Xaçın çayında balıq tutmaqla, meşələrdə quzu otarmaqla keçib uşaqlığı. Tay-tuşları ilə səs səsə verib, “Qarabağ şikəstəsi” oxuyardılar. Qarabağda kiməsə səsini sevdirməyin müşkül məsələdir, orda beşikdəki uşaq da segah üstündə ağlayır - hamının səsi var, sadəcə o səsin arxasınca gedənlər və getməyənlər olur.

Atası muğamı, musiqini sevdiyindən balaca Mənsum evdə də onun dinlədiyi vallardan yararlanardı. Yavaş-yavaş məktəb tədbirlərində səsi eşidilməyə başladı. Orta məktəbdə yaxşı oxuyub. Özü də bunu fəxrlə deyir: “Nə yaxşı ki, oxumuşam dərslərimi. Ədəbiyyatı yaxşı oxumağım qəzəl seçməyimdə, sözlərin düzgün tələffüzündə köməyimə çatır. Azərbaycan və dünya ədəbiyyatından çox sayda kitab oxumuşam, bu gün övladlarıma da bunu aşılayıram. İnsan kimi yetişməkdə bədii ədəbiyyatın böyük rolu var”.

Ümumiyyətlə, o vaxtlar bekar qalan adam olmazdı, bekar olana tüfeyli deyilərdi və o çox böyük dərd idi, heç kim o ləqəblə yaşamaq istəməzdi.

Əsgərlik

Hərbi xidməti Moskvada keçib. 80-ci il olimpiadasını hərbi xidmətdə olanda Moskvada canlı izləyib: “İnşaat batalyonunda idim. Xarakterim belədi ki, hansı sahədə olmağımdan asılı olmayaraq, fəal oluram. Təşkilatçılığım yaxşıdır, orda da briqadir seçildim, serjant idim, briqadam parket vururdu. İndi də yadımdadır parket vurmaq, iki nəfər əsgər yoldaşım indi də o işi davam etdirirlər. 2-3 azərbaycanlı orda yığışıb bir ansambl düzəltmişdik, tar, kaman və mən oxuyurdum.

Ağlım kəsəndən nə istədiyimi bilmişəm. Əsgərlikdən gələndən sonra qərara aldım ki, bu sənətlə məşğulamsa, bunun təhsilini almalıyam, valideynlərimə dedim, razılaşdılar. Heç məni yola salmağa pulları yox idi, birtəhər gəldim Bakıya, sənədlərimi verdim Asəf Zeynallı adına musiqi məktəbinə, o vaxt yalnız orda musiqi təhsili almaq olardı. Vasif Adıgözəlov oranın direktoru idi, “Çahargah” oxudum, xoşuna gəldi, 5 verdi mənə. Vahid Abdullayevdən dərs aldım, oxuduğum bütün muğamları sıfırdan öyrətdi mənə. Tezliklə efirə də çıxdım, o vaxt bir televiziya vardı, çətin idi onun efirinə çıxmaq. Teleteatrda çəkildik və verildi efirə. İndi baxsam ona, utanaram yəqin, deyərəm heç kim görməsin, tələbə ifasıdır. Bir yerdə dayanan insan deyiləm, həmişə axtarışdayam, ona görə də zəhmətimin bəhrəsini görürəm”.

İlk uğurlar

Çox keçmədi, ölkədə keçirilən V Musiqi Festivalının qalibi oldu. Müəllimi Vahid Abdullayev hazırlamışdı gənc Mənsumu. Münsiflərdə Şövkət Ələkbərova, Gülağa Məmmədov oturmuşdular. Şövkət xanım onu öz sinfinə dəvət elədi. O vaxt musiqi sahəsində hansısa ustad səni öz sinfinə dəvət edirdisə, bu o demək idi ki, hansısa mərhələni keçmisən, sənə qapılar açılır: “Gedib-gəlməyə başladım, Aybəniz Həşimova, Almaz Orucova, Aygün Bayramova onun sinfində oxuyurdular. Gözəl sənətkar idi, gözəl də qəlbi vardı Şövkət xanımın. Bir gün mənə dedi ki, operada oxumaq istəyirsən? Dedim, mən orda oxuya bilərəmmi? Dedi, səndən yaxşı Məcnun olar. Azər Rzayev Opera və Balet Teatrının direktoru idi, Şövkət xanım zəng eləyib ona dedi ki, bir laureat tələbəmiz var, əsil sizlikdir. Vaxt təyin elədilər, getdim. Bədii Şura yığışdı, Şövkət xanım da getdi mənimlə. Sənətkarları gördüm dizlərim əsdi. Oxudum, bəyəndilər, dedilər, ərizəni yaz burda işləmək üçün. İlk rolum Zeyd oldu, Arif Babayev Məcnunu oxuyurdu. Yavaş-yavaş əvvəl səhnədə yeriməyi öyrəndim, rola öyrəşdim. Beş-altı il kiçik rollarla çıxdım. O vaxt Hafiz Quliyev də operaya gənc rejissor gəlmişdi. İşdən sonra saatlarla işləyirdik, məşq edirdik. Məcnunu hazırlayırdım, inanırdım ki, mən çox yaxşı Məcnun olacam. İki həvəsli gənc, aylarla məşq elədik. Sonra Akif Məlikov gəldi operaya direktor, dedi, gənclərə meydan vermək lazımdır. 1993-cü ildə Məcnun rolunu verdilər mənə, ilk Leylim də Gülyaz Məmmədova idi. İyulun 25-də premyeramız oldu. Azad Mirzəcanzadə gəlmişdi premyeraya, demişdi elə bildim səhnədə Sarabskini gördüm. Bir tədbirdə yaxınlaşıb təşəkkür elədim, dedi ki, çatışmayan cəhətlərin vardı, amma mən səni Məcnun kimi qəbul elədim, çatışmayanları düzəldəcəksən, amma sənin naturan Məcnundur. Uzun müddət səhnə gənc Məcnun görməmişdi, zalda 20-30 nəfərin olduğunu görmüşdüm. Tamaşaçı qayıtdı “Leyli və Məcnun”a. Yeni səs, yeni quruluş, canlanma başladı. Dövlət televiziyası çəkdi, qızıl fonddadır. Adətən operaya tanınmış simaları gətirilər, tanınmayana Məcnun verməzdilər, amma mən Məcnunla tanındım”.

Milli opera deyəndə xanımlar üçün Leyli, kişi xanəndələr üçün Məcnun etalon sayılır. Mənsum İbrahimovun taleyinə etalondan başlamaq yazılıbmış.

Ondan sonra bütün milli operalarımızda oynayıb.

Mənsum, Elçin, Elnur

“Möhlət Müslümovla, Ağasəlim Abdullayevlə, çoxları ilə işləmişik. Elçinlə Elnur gənc idilər, ifaları və mədəniyyətləri məni cəlb elədi. Təklif elədim ki, gəlin bir yerdə işləyək. Bir az işləyək, baxaq, dedim, bir də gördük ki, 20 ildən artıqdır bir yerdəyik. Mənim təklifimlə onları operaya da götürdülər, kamança operada olmayıb, amma indi şam pərdəsində kaman sızıltısı çox yerinə düşür”.

Çox marqlı köhnə mahnıları tapıb çıxardırlar ortaya birlikdə. Həqiqi ansambl ola bilirlər, obrazla. “Bir cüt sona”, “Ay Pəri”, “Eşqimin növrağı” kimi çoxdan ifa olunmayan, amma unudulmaz mahnılara birlikdə yeni həyat verdilər.

Üç musiqiçi bir yerdə düşünür və maraqlı nə isə çıxır ortaya.

“Milli Konservatoriyanın dosentləri və professoru. Tədbirlərə bir yerdə dəvət olunuruq, ailə tədbirlərimiz də bir yerdədir. Sağım, solum, komandam düzgün olmasa, düz yolla gedə bilmərəm. Tələbələrimiz bizdən nümunə götürürlər” - deyir.

Ailənin ziyası

Bu gün muğam, musiqi və bu sahənin təhsili sahəsində Mənsum İbrahimov adı yazılıb. Bu adın arxasında Fəridə adlı bir incə imza da var.

“Həyat yoldaşımla bir kənddə doğulub, bir məktəbdə oxumuşuq, iki sinif məndən aşağıda oxuyurdu, eyni vaxtda hisslər yaranıb aramızda, amma heç deməmişik bir-birimizə. Görüş, mesaj yox, gizlin, pərdəli yaşamışıq o hissləri. Həyatda bircə Leylim olub, gözümü açıb onu görmüşəm. Mən əsgərlikdən gələndən sonra açıldı hisslərimiz, 86-cı ildə evləndik. Hər kəsə belə ailə arzulayıram. Xanımım ziyalıdır, ailəmin ziyası ondan gəlir. Mənim premyeralarımda məndən çox həyəcan keçirib, dua edib, çünki məni tanıyır, bir yerdə böyümüşük, düşüncələrimi bilir. 150 dəfə Məcnun oxumuşam, hər biri imtahan olub mənə. Bu rol mənə hər şey verib, xalq artistiyəm, “Şöhrət” ordenliyəm, bu uğur həm də ailəmin zəhməti və uğurudur. Çox çətin günlərdən keçmişik, toya getməmişəm, 80 rubla qulluq eləmişəm, həyat yoldaşım arxamda arxa cəbhə olub. Sənət adamı həssas olur, evdən çıxanda turş sifət görsəm, heç bir işim düz gətirməz. Düzgün, sağlam yuvam var, çox xoşbəxtəm, uğurumun 50 faizi ailəmin payıdır. Övladlarım BDU-nu fərqlənmə ilə bitiriblər. Analarının əməyidir, müəllim kimi də tələbələri yüksək postlardadırlar. Mən də müəlliməm, tələbələrimin uğuru mənim həyat stimulumdur”.

Üç qız bir oğlan atasıdır. Üç nəvəsi də var, babadır.

Bütün yubileylərini Ağdamın bizdə olan kəndlərində qeyd edir. Tələbələri birinciliklər qazanan, öyrənməyi də öyrətmək qədər sevən müəllim, sevilən xanəndə, muğam üzrə ən gənc yaşlarında professor özünü yarımçıq hiss edir. “Ayağım doğma torpağımın hər qarışına dəyməyincə özümü belə natamam hiss edəcəm” - deyir. Tanrı bizə o torpaqları qarış-qarış gəzib bütövləşməyi qismət eləsin. Yeni Mənsum İbrahimovlar o torpaqlardan yetişəcək...