2932
10:33
07 Sentyabr 2019

“Güllə yarası olduğuna inanmadım, dedim yəqin daş dəyib...” – Şəhid komandirin son anları

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Ramiz Qəmbərovun ailəsindən hazırlanıb.

Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə H. Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirəndən sonra hərbi xidmətə çağırılıb, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıdıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olsa da, təhsilini başa çatdıra bilməyib.
1988-ci ildən xalq hərəkatına qoşulub. 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və batalyonun komandiri olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra, 30 aprel 1992-ci ildə şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəkil

Mənzil başına çatmazdan əvvəl internetdən tapıb telefonun yaddaşına atdığım şəkilə bir də baxıram. Ovcumun içərisindən hərbi gödəkcədə, saqqalı, qurd baxışlı kişi mənə baxır. Bu baxışlar Ramizin timsalında müharibəyə böyük ümidlərlə yola düşən, amma ordan geri qayıtmağa nəfəsləri çatmayan, ürək döyüntüləri yarıda qırılan oğullarımızın yerinə də danışır. Bu qədər səsləri içərisində Ramizin hər kəsi döyüşə, müharibəyə haylayan, səsini hiss edib duyuram. “Ermənilər Şuşaya ancaq mənim cəsədim üzərimdən keçib gedə bilər” - deyən bu igid vətən kişisinin qan töküb, baş qoyduğu torpağın üzərində gəzmək əslində böyük fəxarətdir. Elə bu düşüncələrlə də Ramiz Qəmbərovun anası və qardaşı yaşayan evin qapısını döyürəm.

Ana

Qocalsa da əldən düşməməyə cəhd göstərən bəstəboy, zərif, titrək səsli bir qadın açır qapını. İllər ötsə də Ramizin bənzərliyini çöhrəsində gəzdirən Səkinə ana kövrək-kövrək hər iki yanağımdan bir neçə dəfə öpüb, qollarını boynuma dolayaraq, sanki məni qoxulayır. Otağa keçib əyləşənə qədər oğlunu xatırladığımız üçün təşəkkür edərək, ard-arda dualar yağdırır. Otağın hər divarından bir Ramiz boylanır. Müxtəlif yaş dövrlərində çəkilmiş bu fotolarda o, bəzən gülümsər, ciddi, bəzən isə hirsli və əsəbidir. Gülümsəmə, ciddilik uşaqlıq və gənclik illərinə aid olsa da, hirs və əsəb müharibədə çəkilən şəkillərdə daha çoxdur.

Ramiz beş uşaqlı ailənin dördüncü övladı olub. Səkinə xala yana-yana təkcə ona toy çaldırmadığını deyib, söhbətə başlayır.

- Biz əsilli-köklü nəsilik, əslən də Şuşalıyıq. Mənim yoldaşım ağır xasiyyətli, zəhmli kişi idi. Ona görə uşaqların sözü-sirri həmişə məndə olurdu. Müharibə başlayanda Ramiz artıq cəbhəyə, döyüş yerlərinə əl-ayaq açmışdı. Ordan-burdan eşitmişdim ki, Ramizin istədiyi qız var. Özü də qəşəng qız idi. 92-ci ildə Eyvazın toyu olanda Ramizə dedim ki, belə görürəm vəziyyət pisləşir, müharibə başlayır. Qorxma, dur, gedək kimin qızı nəzərindən keçir, mənə de, o qızı sənə nişanlayım. Qız səni istəməsə də ayağına yıxılıb, yalvarıb, onu sənə gəlin gətirərəm. Mən səndən qorxuram, sənin başına bir iş gəlsə, istəmirəm yurdun boş qalsın. Onda mənə dedi ki, mənə heç nə olmayacaq. Amma mən heç kimin qızını gətirib bədbəxt eləyə, ağlar qoya bilmərəm. Ona çox yalvardım, yaxardım, nə dedimsə, evlənməyə razı olmadı.

Əvvəllər mitinqlərdə başda olurdu, tribunadan həmişə səsini eşidirdim. Gedirdim meydanlara deyirdim ay, Ramiz qarışma belə işlərə gəl, evimizə. Məndən inciyirdi. Deyirdi, burda bu qədər adam mənim sözümü dinləyir, amma sən yox. Uşaq kimi məni danlamağa gəlmisən, çıx get evə. Sonralar da batalyon komandiri oldu. Əsgərləri dəstəylə yığıb evə gətirir, çimizdirib, yedirdib yola salırdı. Elə olurdu ki, özünün, qardaşlarının paltarlarını əsgərlərə geydirirdi. Qəfildən gələrdi, kələm dolması bişirtdirib, on beş, iyirmi də çörək aldırtdırıb, hərbi hissəyə aparardı. Hər gələndə deyərdi ki, əsgərlərim, uşaqlarım acdılar. Zarafata salıb mənə deyirdi ki, sən Bulud kişinin pullarından mənə xərclə, allah qoysa, mənim də pulum olanda sənə verəcəm. Nə bilim e, qızım, nər kimi oğul idi...

Qəmbərov!

Ramizin böyük qardaşı, keçmiş polis işçisi Hafiz Qəmbərov Ramizin xasiyyətcə evdə hamıdan fərqləndiyini, azadlığı sevən, sözünü deməyi bacaran biri olduğunu qeyd edir:

- Biz hamımız üzüyola uşaqlar olsaq da Ramiz bizdən fərqlənirdi. O da üzə qayıdan uşaq deyildi, amma müstəqil idi, yeri gələndə sözünü deməyi bacarırdı. Bizim nəsildə, qohum-əqrəbada atama heç kim adı, soyadı ilə müraciət etməyib. Hamı ona ya Bulud əmi, ya da Bulud dayı deyirdi. Biz özümüz yetkin adamlar olsaq belə atamı çayxanada görəndə qaçıb gizlənirdik, ondan çəkinirdik. Amma Ramiz yeganə adam idi ki, uşaqlıqdan, özünü tanıyandan atama Qəmbərov deyirdi. Həmişə də sözün düzünü söyləyərdi, doğrunu tələb edirdi. Adamlar da onu düzlüyünə görə çox istəyirdilər. Ramiz sözlə insanları öz ardınca aparmağı bacarırdı. Ona dərs deyən müəllimlər, Şuşanın ən hörmətli kişiləri, ağsaqqalları onunla razılaşır, sözünün qarşısına söz demirdilər. Atama da onun dikbaşlığı yox, diribaşlığı, fərasətli olması ləzzət edirdi. Kimsə Ramizdən ona gileylənəndə deyirdi ki, onunla işiniz olmasın.

Ramizin digər qardaşı Eyvaz bəy bir neçə dəqiqənin içərisində qardaşının şəkillərini, haqqında yazılan qəzetləri, hazırlanan bannerləri anasının otağından gətirib, masanın üzərinə düzür. Əli ilə masanın üzərinə düzdüklərini hamarlayıb, deyir:

- Biz indi nə qədər də o dövrdən, o dövrdə döyüşən əsgərlərin igidliyindən danışsaq da, bu gün həmin atmosferi yarada bilmərik. Ona görə ki, o vaxtı heç nədən ötrü, heç bir təmənna güdmədən ailəsini, işini ataraq gəlib müharibədə döyüşən, canını, sağlamlığını itirən oğullar vardı. Onlar həqiqətən də vətən eşqinə gəlib döyüşürdülər. Onlar da Ramiz kimi ölümü gözə alan insanlar idi. Demək olar ki, çoxu da elə şəhid oldu, həyatları yarımçıq qaldı. Konkret Ramizin müharibəyə getməsi isə Şuşadakı vəziyyətin qarışması ilə başlandı. Elə vəziyyətdə Ramiz evdə otura bilməzdi.

Tar

Oğlanları danışanda yenidən söhbətimizin axınına qoşulmaq istəyən Səkinə ananın baxışlarından, gözlərindən Ramizlə bağlı xatirələr, sözlər, həzin layla kimi axıb tökülür. Hərdən bu axına dərin bir ah, bir neçə damcı ilıq göz yaşı da qoşulur. Hiss edirəm ki, ana bulud kimi dolub, bircə təsirli sözün toxunuşu ilə göz yaşı leysana, selə çevriləcək. Nəhayət ana qəlbi dinc dayanmır, dilə gəlir:

- Çox çılğın uşaq idi. Sözü deyirdi, ondan bircə addım da geri çəkilmirdi. Özü üçün gülüb danışıb, çalıb-oxuyurdu. Qəribə tar çalırdı. Orda heç kim onun kimi tar çala bilməzdi (kövrəlir). Bir gün bəstəkar Süleyman Ələsgərovla mənim yoldaşım Şuşada küçədə rastlaşırlar, söhbət edə-edə yol gəlirlər. Süleyman müəllim deyir ki, Bulud kişi, sənə bir işim düşüb. Bir oğlan uşağı var, deyirlər yaman gözəl tar çalır. Ona ya sən özün de, ya da bir adam vasitəsi ilə çatdır, gəlsin Bakıya musiqi üzrə təhsil almağa. Bu vaxtı Ramiz dərsdən çıxıb tarı çala-çala onların yanından ötüb keçir. Keçəndə də atasına deyir ki, Qəmbərov necəsən, nə var, nə yox? Süleyman Ələsgərov Ramizi göstərib deyir ki, bax, bu oğlanı deyirdim. Yoldaşım ona cavab verir ki, o, mənim oğlumdu. Amma Şuşada kimə istəyirsən söz deyərəm, ona yox. Ramizə nə sözün varsa, özün de.

Ramiz evdə hamı ilə mehriban idi. Amma mənimlə ayrı cür hesabı vardı. Həmişə zarafatlaşardı mənimlə. Çox yaxşı oğlan idi. Sağ qalsaydı, indi o, ən yüksək yerlərdə idi. Biz fikirləşirdik ki, müharibədir, gedəcək də, qayıdacaq da. Heç vaxt inanmazdım ki, ona nəsə olar. Bilsəydim ki, öləcək, özümü onun yerinə ölümün ağzına verərdim, amma onu verməzdim. Ona neçə dəfə and verdim, yalvardım bu yoldan çəkilsin, müharibənin heç olmasa qaynar yerlərinə girməsin. Hər dəfəsində də dedi ki, nə eləsən də mən bu yoldan çəkilmərəm (kövrəlir).

Döyüşçü

Səkinə xala gözlərinin yaşını qurulayıb hıçqırığına ara verəndə qapı döyüldü. Bayaqdan bəri yolunu gözlədiyimiz adam otağa daxil oldu. Yolunu gözlədiyimiz isə Ramizlə çiyin-çiyinə qanlı döyüşlərdə, əməliyyatlarda iştirak edən, Ramizi yaralı halda döyüş meydanından çəkib çıxararaq qucağında xəstəxanaya qədər gətirən döyüşçü dostu İbrahim Məmmədov idi. İbrahim bəy mənimlə üz-üzə əyləşir. Onun simasında müharibəni görüb sonradan heç vaxt xoşbəxt olmağı bacarmayan daxilən yaralansa da, artıq ağrılarını bərkitmiş, qaysaqlarına öyrəşmiş insanlara məxsus kədərli gülümsəmənin gəzişdiyini fərq edirəm. İbrahim bəy, çətin də olsa, döyüş dostu haqqında danışmağa başlayır:

- Onun haqqında danışmaq mənim üçün həm çətindir, həm də fəxrdir. Ramizə qədər Şuşada pərakəndəlik idi. Hər məhəllə özünə dəstə düzəlmişdi, özlərini də komandir təyin eləmişdi. Amma Ramizin ciddi səyi nəticəsində Şuşada vahid könüllü batalyonu yaradıldı. Xurşudbanu Nətavanın mülkünü uşaq sanatoriyası eləmişdilər. Həmin sanatoriyanın bir hissəsində bizim batalyona yer verildi. Bizim batalyona tapşırılmışdı ki, Kərkicahanda post quraq, oranı qoruyaq. Amma sonra mən Ramizə dedim ki, eşitdiyimə görə, Şuşanın girəcəyindəki posta polislər nəzarət etsə də, ora bomboşdur. Bəlkə biz oranı da nəzarətə götürək? Biz çox çətinliklə həmin posta nəzarət üçün icazə aldıq. Ora nəzarət edəndən sonra digər dağətəyi yerlərdə də postlar qurduq. Sonralar əsir götürdüyümüz ermənilər deyirdilər ki, girə bilmədikləri yeganə post Ramizin batalyonunun nəzarətində olan postlardı. Ramiz çox cəld, çevik, məntiqli hərbçi idi. Sağ qalsaydı və onu hərb sahəsinə istiqamətləndirsəydilər, çox peşəkar hərbçi olardı. Təyinatları o qədər dəqiq və yerində olurdu ki, biz hamımız məəttəl qalırdıq.

“Məni yerə qoy, get...”

1992-ci il aprelin 29-da Ramizin batalyonuna Şuşadan xəbər gəlir ki, Kərkicahanda atışma gedir, təcili kömək lazımdır. İbrahim bəy nəql edir ki, Ramiz xəbəri eşidən kimi əmr verir ki, təcili köməyə getmək lazımdır.

- Ramiz və mən də daxil olmaqla, 17 nəfər Kərkicahana yollandıq. Dörd nəfəri Kərkicahanda qoyub, Kosalar kəndinə qalxdıq. Ordakı uşaqların içərisində yaralılar da vardı, sağlamı da. İnanın o, uşaqlar bizi görəndə cana gəlib, ürəkləndilər. Elə bil onlara köməyə böyük bir qoşun getmişdi. Yüngülvari müzakirədən sonra heç yarım saat keçməmişdi ki, üç erməni postunu ələ keçirdik. Sonra döyüş əhəmiyyəti vacib olan bir postu da ələ keçirmək üçün plan hazırladıq. İki, üç nəfər bələdçi və bizim batalyonun uşaqları ilə hücuma keçdik. Amma döyüş vaxtı məlum oldu ki, arxa tərəfdən mühasirəyə düşmüşük. Rəhmətlik Nəriman adlı döyüşçü dostumuzla Ramiz bizi mühasirəyə salan arxa posta doğru irəlilədi. Onlar arxa postu təmizləyib geri qayıtmaq üçün bizə yol açdılar. Birdən Nəriman qışqırdı ki, İbiş, Ramizi vurdular. Ramiz yaralanan yerə getdim, yarasına baxdım. Yara o qədər xırda idi ki, onun güllə yarası olduğuna tam inana bilmədim. Dedim, yəqin daş dəyib. Özünün hərəkətlərində, danışığında da ölüm əhvalı yox idi. Amma Nəriman məni kənara çəkib dedi ki, mənə elə gəlir, Ramizin vəziyyəti yaxşı deyil. Onu elə silahla vurublar ki, güllə daxildəki orqanları gəzəcək. Ramizi təcili burdan çıxartmaq lazımdır. Onu döyüş bölgəsindən bir az uzaqlaşdırandan sonra Ramiz mənə dedi ki, İbiş, səni də vuracaqlar, məni qoy yerə çıx, get. Həm komandirimin, həm də elə bir oğulun mənə belə deməsindən çox pis oldum. Ondan sonra onu qaldırıb belimə aldım. Düz təcili yardım maşını gələcək yerə qədər piyada gətirdim. İki, üç kilometr yolu hardasa qırx dəqiqəyə gəldim. Təcili yardım gələndə baxdım ki, maşının içərisində xərək yoxdur. Məcbur olub, maşının içərisinə uzandım, Ramizi də qucağıma aldım ki, narahat olmasın. Onun başı sinəmin üstünə düşmüşdü. Həkim ona ağrıkəsici vuranda Ramiz zarafata salıb dedi ki, İbiş, həkimə de ürəyim zəifdir, dozanı bir az aşağı eləsin. Yolda gördüm tərləyir, həmişə əynində olan yun jaketinin boynunu kəsib enlətdim. Dedi ki, birdən vəziyyətim pisləşsə, mənə nəsə olsa, qoymayın batalyon dağılsın. Onun bu sözlərindən sonra hardasa yarım saata Şuşa hospitalına çatdıq. Bütün Şuşa camaatı hospitalın qarşısına yığışmışdı. Eşidən, bilən hər kəs gəlmişdi. Həkimlər onu xilas eləmək üçün çalışdılar. Dedilər, gecədən salamat çıxsa, sağ qalacaq. Amma Ramiz aprelin 30-da dünyasını dəyişdi. Bizi xəstəxanaya yola salan Nəriman da elə bizdən sonra qoyub gəldiyimiz yerdə şəhid olmuşdu.

Son silah

İbrahim bəy böyük kədər və ağrıyla söhbətinə davam edərək deyir ki, müharibədən sonra yaşamaq çox çətindir.

- Günü bu gün də Şəhidlər Xiyabanına gedəndə elə bilirəm ki, arxamda böyük bir batalyon var. Qulağıma orda yatan uşaqların səsi gəlir. Elə bilirəm onlar məni çağırırlar. Bu gün mən də sağam, bizim batalyonumuzdan sağ qalan başqa uşaqlar da var. Amma bircə onu bilirəm ki, Ramiz sağ qayıda bilməzdi. Yəni onun elə xasiyyəti vardı ki, son postu, son əsgəri xilas etməyənə qədər rahatlanmazdı. Ona görə də elə adamlar salamat qala bilməzlər. Bunu özü də bilirdi. Həmişə yaxasında özü üçün bir patron ehtiyat saxlayırdı ki, son məqamda özünü vursun.

Ramizi xəstəxanaya gətirib çıxaranda artıq xeyli qan itirmiş olur. Atası, qardaşları, qohumları xəstəxananın həyətində onu gözləyirlər. Ramizi qəbul edən həkimlər ona təcili qan lazım olduğunu bildirir. Qardaşı Hafizlə qanları eyni qrupdan olduğuna görə Ramizi yaralı görənlərdən birincisi də elə o olur. Hafiz bəy, qardaşına qan verərkən müşahidə etdiyi başqa məqamları da yadına salır:

- Güllə böyrəyinin üstündən dəymişdi. O, xəstəxanaya çatmamış bizə xəbər verdilər ki, Ramizə qan lazımdır. İnandırım sizi, Ramiz gələnə qədər xəstəxananın həyətinə bəlkə 300-dən çox adam yığışmışdı. Hamısı da ona qan vermək üçün gəlmişdi. Xəstəxanaya gətiriləndə Ramizin huşu özündə idi. Amma əvvəlki Ramiz deyildi, dili batmışdı. Qanı çox getmişdi, güllə də içəridəki orqanları zədələyib, sıradan çıxartmışdı. Yaralanandan 4 saat sonra xəstəxanaya gətirib çıxara bilmişdilər.

Xəbər

Ramiz kimi qüvvətli, mərd, heç nədən qorxmayan oğulu dünyaya gətirən, sonra da torpağa verən Səkinə ana masa ətrafında oğlu ilə bağlı gedən söhbətlərin hamısına diqqətlə qulaq kəsilir. Bəzən özü də müəyyən əlavələr edir. Oğlunun ölüm məqamı barədə söhbətin heç bir məqamında vaysınıb, ah nalə çəkmir. Bu qədər cəsur, qurd ürəkli oğulun cismən xırda, balaca, amma mahiyyətcə böyük qəlbə sahib anası Ramizin ölümlə çarpışdığı günləri xatırlayır. Təzədən 92-ci ilin aprel ayının son gününə boylanır.

- Ramiz yaralanan gün mən heç nədən xəbərsiz Ağcabədiyə qardaşımgilə getmişdim. Axşam hava toranlaşanda gördüm qapıda bir maşın dayandı. Bizim Zahid adlı qohumumuz maşından düşdü. Şübhələndim. Soruşdum, Zahid bu vaxtı xeyir ola? Ramizə nə isə olub?

Dedi, yox, heç nə olmayıb. Amma Bulud dayı deyir evə gəlsin. Hazırlaş, gedək. Sən demə, Ramiz artıq keçinib, amma məndən gizlətmişdilər. Özüm də hiss etdim ki, Ramizə nə isə olub. Ağcabədidən Şuşaya qədər ağladım. Yolda Zahidə dedim ki, məni aldadırsınız, Ramiz ölüb. Maşını neçə dəfə saxladılar ki, məni sakitləşdirsinlər, razı olmadım. Dedim, siz deyən kimidirsə, maşını tez sürün, heç olmasa son nəfəsinə gedim çatım. Gəldim gördüm Ramizin nəfəsi gəlmir. Üzünü də örtmüşdülər (ağlayır).

Səkinə ana ağlaya-ağlaya deyir ki, Şuşanın işğalından sonra oğlunu tez-tez yuxusunda görür. Ən çox da xəstələnəndə Ramiz yuxuda da olsa gəlib anasına baş çəkir. Amma Ramiz bir dəfə müəlliməsinin yuxusuna girib deyirmiş ki, sən allah, get, mamama denən, gəlsin işığımızı yandırsın, gəlim evə. Evimiz qaranlıqdır deyə gələ bilmirəm.

Qəhrəman!

Diktofonu söndürürəm. Səkinə ananın göz yaşından nəmlənmiş üzündən öpüb, ondan ayrılıram. Onu oğlunun şəkilləri, xəyalı, bir də keçmiş xatirələri ilə baş-başa qoyub, evdən çıxıram. Mənimlə birgə ana ilə sağollaşıb çıxan İbrahim bəy qısa məsafəlik yolda mənə yoldaşlıq edir. Yol gedə-gedə ağrılı-acılı günləri bir anlıq unudur və deyir:

- Mən vətəni, insanları sevməyi Ramizdən öyrəndim. Çox zarafatcıl adam idi. Amma bununla yanaşı ciddiyyəti də vardı. Döyüşdən qabaq əsgərləri yığırdı, ətraflı danışırdı. Onların hamısına ilk müraciəti belə olurdu. “Sizin qeyrətinizə qurban olum”. Ramizin təmizliyinə görə idi ki, bizim postun uşaqları bir addım geri çəkilmədi. Ən çox şəhid verən post da bizimki oldu. O da, biz də inanırdıq ki, Şuşa heç vaxt işğal olunmaz. Bizim uşaqlarımızın heç birində qorxu yox idi.

92-ci ilin aprel döyüşü baş verməsəydi, Ramiz şəhid olmasaydı belə o, qəhrəman idi. O, xalqın qəhrəmanı idi. Günü bu gün də hansı şuşalını dindirib soruşan ki, Şuşanın qəhrəmanı kimdir. O, mütləq Ramizin adını çəkəcək. O, xarakterli, sadiq, həqiqi vətənpərvər idi.