317
16:42
06 Sentyabr 2019

Xanlar Əhmədov: "Tağıyevin heykəli əzəmətli alınacaq”

“Tağıyevin heykəlinin nə vaxt quraşdırılacağı bilinmir, hələlik layihə eskiz səviyyəsindədir”.

Bunu APA -ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyətində məsul şəxslərlə görüşdən sonra heykəlin hazırlanmasına başlanılacaq: “Heykəl özü tuncdan, postament isə qara qranitlə qırmızı qranitin qarışığından olacaq. Əgər heykəlin yeri dəyişməsə, ölçüsü 3 – 3,5 metr, pyedestal isə 1 – 1,5 metr hündürlükdə olacaq. Yəni əzəmətli bir iş alına bilər”.

Heykəlin hazırkı yerinin onu qane edib-etmədiyini cavablandıran heykəltəraş qeyd edib ki, əgər heykəl üçün həmin yer seçilibsə, ona uyğun da heykəl hazırlanmalıdır: “Mən müsabiqəyə üçformada heykəl təqdim etmişdim: Tağıyev oturan yerdə, ayaq üstə və bir də faytonda. Amma Tağıyev ayaq üstə variantı seçildi”.

X. Əhmədov qeyd edib ki, müsabiqənin mükafat fondu yoxdur. O, əlavə edib ki, hələlik layihənin smetası bilinmir.