221
19:16
22 Avqust 2019

Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb"

"Taxta bazarında baş verən yanğın tam olaraq məhdudlaşdırılıb".
APA -nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, artıq 3 saata yaxındır yanğın davam edir: “Ayrı-ayrı yerlərdə bəzi yanğın mənbələri qalıb. Bunun da səbəbi quru taxtaların çox olmasıdır. Yanğının sahəsi 1500 kv/m-dən artıqdır. Hadisənin səbəbi haqqında isə yanğın tam söndürüləndən sonra məlumat veriləcək. Onu da bildirim ki, yanğının yayılma təhlükəsi yoxdur”.
E.Mirzəyev FHN əməkdaşlarının hadisə yerinə gec gəlməsi barədə yayılan məlumatlara da münasibət bildirib: “Bu yalan məlumatdır. Yanğın baş verən ərazinin yaxınlığında FHN-in yanğınsöndürmə məntəqəsi yerləşir. Burada əsas problem suyun çatışmazlığı idi ki, onu da biz daşıma yolu ilə həll etdik”.