1037
writer1

Sabir Rüstəmxanlı

Məqalə sayı

2
15:21 22 Avqust 2019

Onunla son danışığımız

Şair Öqtay Rza işıqlı, xeyirxah və ədəbiyyata ürəklə xidmət edən bir adam idi. Pedaqoji Universitetdə (əvvəllər APİ), Coğrafiya fakültəsində dərs deyirdi. Onu bütün şeir axşamlarında, həm də onlarla tələbəsinin əhatəsində görməyə vərdiş eləmişdik. Coğrafiyaçılara da sevdirirdi ədəbiyyatı. Tələbələr onun şairlərə sayğısı barədə maraqlı epizodlar danışırdılar. Məsələn, tələbələrdən şerlərlərimizdən əzbər bilib-bilmədiyini soruşur və bilənə yüksək qiymət verirmiş. Maraqlıdır ki, bu barədə özü danışmazdı, başqaları danışardı...

Image result for oqtay rza

Natəvan klubundakı məclislərə qısa bir dördlüklə, rübai ilə yekun vurmasına öyrəşmişdik. Bir dəfə də mənim kitab təqdimatımda 8-9 parçadan ibarət rübailər silsiləsi oxudu. Çıxanda razılığımı bildirdim. "Başqalarından fərqlı olaraq mənə bir poema həsr etmisən. Yaşa!" dedim. Ürəkdən güldü: "Ustad, əslində düz deyirsən, məzmununa görə poemadır sənə yazdığım".

"Ustad" onun sevdiyi müraciət formalarındandı. Təxminən ay yarım öncə zəng vurdu ki, son kitabımdan, partiyada paylamaq üçün sənə 10 nüsxə vermişdim, indi özümdə qalmayıb" Ofisdə otaqları gəzib 2 nüsxə kitab tapdıq və ona xəbər verdim. Kitabları götürməyə gələcəkdi.

Bir neçə gün sonra zəng vurdu. Təəssüflə bildirdim ki, hava meydanındayam, xaricə gedirəm, qayıdanda görüşərik... Xoş ovqatla gözləyəcəyini bildirib, sonra əlavə etdi ki, “Ədəbiyyat qəzeti”ndə poemanı oxudum, düz iyirmi nida işarəsi qoymuşam ayrı-ayrı yerlərində, qayıdanda göstərəcəyəm... (Söhbət qəzetdə çap olunmuş "Bir əlin azadlığı" poemasından gedirdi).

Təəssüf ki, bu, son danışığımız oldu, əcəl nə kitabları götürməsinə, nə də poema haqqında fikirlərini söyləməsinə imkan verdi... Kitabı oxucularına qaldı, deyəcəyi sözü ürəyində apardı. Ancaq dostlarına, oxucularına yadigar qoyub getdiyi sözlər də yetərincədir. Ruhu şad olsun.