732
writer1

Səhər Əhməd

Məqalə sayı

14
16:32 21 Avqust 2019

Qadınlar susaraq getməz

"Qadınlar susaraq gedər".

Fəqət... Gedənə qədər o qədər danışar ki, yazsan, kitab olur. "Bir Quranlıq" sözü anlamayan əks cins bir cümləlik gedişi elə anlayar ki...Çünki əməllər sözlərdən qəddardı, çünki gedişlər qalışlar qədər rəhmedən və bağışlayan deyil.

Son gedişəcən yüz kərə gedər qadın, ürəyində yol qət edər, yavaş-yavaş, misqal-misqal uzaqlaşar. Arxadan kiminsə onu çağırmasına ümid edərək gedər. O qədər uzaqlaşar ki, artıq geriyə yol qalmaz, sözün bitdiyi yer başlayar və bu dəfə sözün həqiqi mənasında gedər qadın...

“Qadınlar susaraq gedər”

Fəqət...

Son gedişəcən vuruşar onu qovan səbəblərlə. Öz pasiyentini xilas etmək üçün əlindən gələni edən bir cərrah kimi çabalar göstərər sevginin son nəfəsinə qədər. Bir cərrahın xəstə "eks" oldu deyə əməliyyat masasından qalxmasına bənzər qadının gedişi. Onun sevgisi "eks" olmuşdur. Sevgisinin öldüyü yerdə hansı qüvvə tuta bilər ki qadını?!

“Susmuş qadın, getmiş qadındır”, bəli, həm də bitmiş qadındır. Amma bitənlər bitirənlərdən daha rahat, çünki daha günahsız.

Sevgi toplama əməlidir, əgər toplananların yerini dəyişəndə cəm dəyişmirsə, ayrılıq da çıxma əməlidir, gedən çıxılandısa, qalan azalandı..

...Qadınlar gedər, bəli, amma susaraq getməz, gedərək susar...