222
02:49
19 Avqust 2019

İranın "Grace 1" tankeri Cəbəllütariqi tərk edib - YENİLƏNİB

4 iyul tarixində ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək saxlanılmış İrana məxsus “Grace 1” tankeri Cəbəllütariqi tərk edib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Bildirilir ki, gəmi yerli vaxtla saat 23:00-da İran bayrağı altında dənizə çıxıb.

İranın Limanlar və Gəmiçilik Təşkilatının yaydığı açıqlamaya görə, əvvəllər Panama bayrağı ilə üzən tankerin adı dəyişdirilərək “Adrian Darya” olub və hazırda Aralıq dənizindəki limanların birinə doğru üzür.

Cəbəllütariq hökuməti iki dəfə elan edərək bildirib ki, Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiya rejimləri arasındakı fərq səbəbindən Vaşinqtonun tələbi əsasında gəmini daha saxlaya bilməyəcəklər.

***

Saat 20:54

İranın “Grace 1” tankeri Cəbəllütariqi avqustun 18-də, yəni bazar günü tərk edəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejad şəxsi “Twitter” səhifəsində yazıb.

“Gəminin bu gün axşam dənizə çıxacağı gözlənilir”, - deyə diplomat bildirib. Onun sözlərinə görə, avqustun 15-də Cəbəllütariq hökuməti gəminin azad olunması barədə məlumat verdikdən sonra liman prosedurları və gəminin yeni komandasının toplanılması üzrə fəal şəkildə işlər aparılıb.

Bundan bir qədər əvvəl İranın Limanlar və Gəmiçilik Təşkilatının sədr müavini Cəlil İslami bildirib ki, tankerin adı dəyişdirilərək “Adrian Darya” olacaq.