191
03:50
18 Avqust 2019

ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsi Krım sahillərində müşahidə edilib

ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, “Global Hawk” təyyarəsi səhər saatlarında İtaliyanın hava bazasından çıxaraq Donbassdakı demarkasiya xəttində monitorinq keçirib və sonra Rusiya sərhədlərinə doğru uçub.
Pilotsuz təyyarə Moskva vaxtı ilə təxminən 17 saat ərzində Qara dəniz sahillərində müşahidə olunub. “Global Hawk” Krım hava məkanında uçaraq sonra Krasnodar istiqamətinə tərəf hərəkət edib.
Hətta təyyarənin Kalininqrad bölgəsi yaxınlığında da göründüyü bildirilir.
ABŞ təyyarələrinin kəşfiyyat xarakterli uçuşları Rusiyanın Suriyadakı bazası üzərində də müşahidə edilib.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin müraciətlərinə baxmayaraq, Pentaqon hələ də Federasiyanın sərhədlərində kəşfiyyat əməliyyatlarını dayandırmır.