1233
12:54
16 Avqust 2019

Bəzi dövlət qurumları işçiləri istirahət günləri də işlədir - DEPUTAT

Rusiyada 4 günlük iş sisteminə keçilməsi müzakirə olunur. İddia olunur ki, 4 günlük iş sistemi əhalinin özünə daha çox zaman ayırmasına, həm də işsizlik problemini aradan qaldıracaq. Bəs görəsən, Azərbaycanda 4 günlük iş sistemi məsələsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Milli Məclisin üzvü Çingiz Qənizadə Lent.az -a açıqladığı fikirlərində bir sıra məqamlara toxunub.

Millət vəkili əvvəlcə Rusiyada 4 günlük iş sistemi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib və bunu real hesab etmədiyini açıqlayıb:

“Rusiyada irəli sürülən təkliflər ciddi deyil. Hələ ki, bunun barəsində mətbuat yazır. Həftədə 4 günlük iş sisteminə keçidi Rusiyanın sanksiyalarla üzləşdiyi hazırki vəziyyətdə qeyri-mümkün hesab edirəm və real olmadığını düşünürəm”.

Həftədə 4 günlük iş sisteminin Azərbaycanda tətbiqinin nə dərəcədə mümkün olub-olmadığına gəlincə isə Ç.Qənizadə qeyd edib ki, bunun üçün bir çox qanunvericiliklər dəyişdirilməli, sistemin bazası hazırlanmalıdır:

“Bu gün Azərbaycanda müxtəlif sahələrdə müəyyən islahatlar gedir. Bu baxımdan mövcud şəraitdə 4 günlük iş sisteminə keçilməsini Azərbaycan üçün də real hesab etmirəm”.

Ç.Qənizadə bildirib ki, hazırda Azərbaycanda müəyyən dövlət qurumlarında həftədə 5 və ya 6 günlük iş sisteminin mövcud olmasına baxmayaraq, bəzən qanunvericiliyin bu tələbləri pozulur:

“Bir çox nazirliklərdə beş günlük iş həftəsi olsa da, insanlar 6-cı günü də işə çıxarılır. Hətta bəzən bazar günü də. Bu hal əvvəllər daha çox Vergilər Nazirliyində idi. Digər qurumlarda da var idi. Çox istəyərdim ki, Azərbaycanda Əmək Məcəlləsi ilə tənzimlənən iş qrafiki, yəni beş günlükdürsə, tam beş gün, 6 günlükdürsə, tam 6 gün olmasına və iş müddətinin də axşam saat 6:00-da bitməsinə əməl olunsun. Deyək ki, 5 günlük iş həftəsində axşam saat 6-da iş bitir. Həftəsonu iki gün insanların istirahətini reallaşdıra bilsək, bu böyük bir uğur olar. Çalışanlar üçün stimul yaranar. Növbəti həftə işə gələn insanlar eneji əldə etmiş olarlar. Özlərinə vaxt ayırar, rayonlara gedib valideynlərini ziyarət etmiş olarlar. Yəni biz bunlara əməl etsək, daha yaxşı olar. Yenə də qeyd edim ki, 4 günlük iş sisteminin hazırda nə Rusiyada, nə də Azərbaycanda rellaşacağına inanmıram”.