1015
15:16
15 Avqust 2019

Erməni girovu bağışlayan azərbaycanlı qadın

Kulis.az “Yeni filmlərimiz” layihəsində Eldar Quliyevin "Girov" filmini təqdim edir.

Süjet:Hadisələr Qarabağ müharibəsinin yeni başlandığı dövrə təsadüf edir. Ölkənin sərhədyanı kəndlərindən birində Kərim adlı sakin ermənilər tərəfindən girov götürülür. Kənd əhalisi də əvəzində bir ermənini (Qurban İsmayılov) girov götürür və onu Kərimin həyat yoldaşı Sonanın (Gülər Nəbiyeva) sərəncamına verirlər. Ki, fürsət düşən kimi girovlar dəyişilsin. Qəzəbdən boğulan Sona bir neçə dəfə onu öldürmək istəsə də, son anda ona rəhmi gəlir. Erməni girov qaldığı müddətdə Sona onun müəyyən insani keyfiyyətlərinə bələd olur və inanır ki, bu münaqişədə sadə kəndli - mülki vətəndaş günahsızdır, o, sadəcə vəziyyətin qurbandır. Erməni tərəfi Kərimin qaytarılması müqabilində böyük məbləğdə pul istəyir. Erməni girovunun taleyi isə onlar üçün əhəmiyyətsizdir. Tələb olunan pul verilə bilmir və Kərim öldürülür. Kənd əhalisi erməni girovun taleyini Sonanın öhdəsinə buraxır...

Eldar Quliyevin 2005-ci ildə premyerası keçirilən “Girov” filminin məqsədi, ideya-problematikası bəşəridir, universaldır. Film (ssenaristlər Natiq Rəsulzadə və Elda Quliyev) Azərbaycan tərəfinin antimilitarist mövqeyini ortaya qoyur, ekstremal situasiyalarda insan davranışını tədqiq eləməyə çalışır, təklif olunmuş vəziyyətlərdə onun qatil ola biləcəyi ilə humanizmini qarşı-qarşıya qoyur.

“Girov”un əsas qəhrəmanı qadındır və film həm də milli kinomuzda az rast gəlinən qadın və müharibə mövzusunda gəzişmələrə cəhd göstərir. Əri girov götürülən və üç uşağıyla tək qalan qadın ayrı-ayrı epizodlarda özünün qəzəbi, nifrəti və mərhəməti arasında var-gəl edir, tərəddüd içində çırpınır. Son anda qadın həssaslığı, mərhəməti, anlayışı onu qatil olmaqdan xilas edir. Emosional partlayışlarına baxmayaraq, Sona həlledici məqamlarda soyuqqanlı olmağı, rasional düşünməyi bacarır.

Lakin çox təəssüf ki, rejissorun vacib ideyalı mövzuya yanaşmasına plakatçılıq, pafos hakimdir, müxtəlif situasiyalarda və obrazların münasibətlərində emosional-psixoloji tərəflər üzdən, tələsik işlənib, zəruri detallar gözardı edilib, bu da filmin bədii estetik dəyərini, mövzunun əhəmiyyətini azaldıb. Əvvəla, girovun qadının evində saxlanılmasına yetərincə dramaturji bəraət verilməyib. Bizim mental mədəniyyətimizdə düşmənin kişisiz evin qadınına təslim olunması normalda etik sayılmır. Bundan başqa kənd əhlinin ermənini Sonaya təslimetmə səhnəsi zamanı, qadın bir sakindən tüfəngi alaraq onu öldürmək istəyir. Səhnədə zərrə qədər vəziyyətin diktə elədiyi gərginlik, mənəvi çətinlik yoxdur və filmin adına da əsaslansaq, qadının onu öldürməyəcəyi bəlliydi. Gülər Nəbiyevanın qəzəbi isə səmimi görünmür. Üstəlik, həmin kütləvi səhnədə Sona da daxil olmaqla, kənd əhlinin döyüşə hazırmış kimi qəzəbli, qətiyyətli ovqatında, ümumi mizan həllində, portret planlarda sosrealizm estetikasının əlamətləri duyulur.

Müəllif münaqişənin məkanını daraldaraq, millətlərarası konflikti döyüş meydanından məişətə salır. Lakin məişətdə iki tərəfin münasibətlərindəki mürəkkəbliyin, davranışın məna miqyasını genişləndirə bilmir. Ayrı-ayrı epizodlarda girov ailənin məişətinə daxil olur: torpaq belləyir, uşaqlara oyuncaq düzəldir, xalça daşıyır, kiçik qızı ilə oynayır və s. Onun özü də sadə kəndlidir, üç uşaq atasıdır. Özlüyündə səhnələr qarşı tərəfdəki birinin insani cəhətlərini qabartmaq, millət anlayışından çıxararaq insana kökləməsi baxımından yaxşı bədii materialdır. Amma yuxarıda dediyim kimi rejissor səhnələri səthi, birbaşa işləyir, bəzən də dramaturji zəmin yaratmır. Girov xalçanı daşıyanda Sonanın qarşısında tüfənglə peyda olur. O, Sonanın ərinin tüfəngini tapır və tamaşaçıda sanki qadını vuracaq kimi çaşdırıcı təəssürat yaratmaq istəyi duyulur. Belə bir fənd isə çox primitiv görünür, çünki sonrakı vəziyyət o mizanı əsaslandırmır. Əsaslandırılmayan digər epziodlar - kənd sakinin toy səhnəsi ilə Sonanın ailəsinin təsvirləri arasında paralelliklə, vaxtaşırı peyda olan muğam oxuyan gənclə bağlıdır. Digər filmlərimizdə olduğu kimi burda da hər kadrda az qala musiqi səslənir ki, rejissor onun hesabına gərginliyə, qəhrəmanların duyğularının ifadə gücünə ümid edir. Halbuki, musiqi bolluğu reallığa daxil olmaq imkanını vermir. Hiss olunur ki, rejissor və ssenarist girovla qadının münasibətində əlavə vurğular düşünə bilmədiyindən, əvəzində belə yersiz səhnələrlə kifayətləniblər.

Gülər Nəbiyevanın obrazı vizual olaraq “Ana vətən çağırır” plakatını xatırladır. O, bəzi məqamlarda dolaşıq hisslərini, tərəddüdünü təmkinlə çatdırsa da, ümumilikdə onun oyununda nümayişkəranlıq öndədir.

Qeyd etdiyim kimi “Girov” müharibə və qadın mövzusu baxımından maraqlı ola bilərdi. Rejissor göstərməyə çalışır ki, müharibə və qadın antipoddur, ərinin qətl edilməsinə baxmayaraq o, emosiyalarına qalib gəlir və bağışlayır.

Qadının mərhəmətinə girovun ailə vəziyyətini öz vəziyyəti ilə identifikasiya etməsi də rol oynayır. Lakin təəssüf ki, qeyd etdiyim qüsurlar, əhvalatda üslub, vizual yanaşma yeniliyinin olmaması səbəbindən film alınmayıb.