221
11:56
15 Avqust 2019

Anası ilə qan uyğunsuzluğu olan uşaq sağ qalıb

ATU-nun Tədris Cərrahiyyə Klinikasında çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb.

Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının Lent.az -a verdiyi məlumata görə, bətn daxilində ana və uşağın rezus uyğunsuzluğunun çox ağır forması aşkarlanıb. Bu səbəbdən dölə, ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Lakin buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbilə döl təcili olaraq xaric edilib: “Diaqnoz ana və uşaqda Rh uyğunsuzluğu, Hidrops fetalis, Anemiya, Assit, Ağır trombositopeniya və Böyrək çatışmazlığıdır. Hemoglobin 7q/dl - doğulan zaman qan transfuziyası olunub, parasentezle qarın boşluğundan 450 ml maye xaric edilib, böyrək catışmazlığının müvafiq müalicə planı tərtib olunub”.

Neonatoloq hesab edir ki, bu diaqnozla körpənin ana bətnində 34 həftəyə qədər yaşaması birmənalı olaraq ginekoloqun apardığı lazımi tədbirlərin nəticəsidir. Əgər ginekoloq tərəfindən ana bətnində dölə qan transfuziyası olunmasaydı, uşaq dünyaya sağ gəlməzdi. Bu, ginekologiyanın uğurudur. Kritik dönəmdən keçərək 20 günlük müalicədən sonra uşağın sağlam şəkildə evə yazılması ise neonatalogiyanın uğurudur”.

Aygün həkim bunun komanda işi olduğunu vurğulayıb.

O qeyd edib ki, ailənin sevincində cərrah Murad Əlibəyov və komandası, kardioloq Elşad Rzayev sonograf Fəxriyyə Əmrahovanın və digərlərinin də payı var.