211
14:04
13 Avqust 2019

Şirvanda xüsusi ƏMƏLİYYAT: İki silahlı şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərilərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Baş idarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.
Hər 2 faktla bağlı baş idarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.