234
12:01
08 Avqust 2019

Keçmiş prezidentin həbsi zamanı yaralananların sayı açıqlandı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün keçirilən əməliyyat zamanı 52 nəfər yaralanıb.
APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Daha əvvəl isə 47 nəfərin yaralandığı, bir xüsusi təyinatlının öldüyü barədə məlumat verilib.
Əməliyyat zamanı Qırğızıstan Daxili İşlər Nazirliyinin Çuy vilayətinin polis idarəsinin rəisi Səməd Kurmankulov da yaralanıb, onun komada olduğu bildirilir.
Almazbek Atambayev isə evinə hücum edilən zaman xüsusi təyinatlılara atəş açdığını etiraf edib.
Sabiq prezident jurnalistlərə açıqlamasında bildirib ki, televiziyada göstərilənlərin hamısı yalandır.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov isə Təhlükəsizlik Şurasının iclasında A. Atambayevi ölkə Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmaqda ittiham edib.
Qeyd edək ki, ötən gün Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib.
Xüsusi təyinatlılar Koy-Taş kəndində A. Atambayevin iqamətgahına hücum əməliyyatı nəticəsində sabiq prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb.
Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) isə Almazbek Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgərin saxlanıldığını açıqlayıb.
Onu da qeyd edək ki, Qırğızıstanda sabiq prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.