432
11:48
08 Avqust 2019

Bank səhmdarları üçün əsas tələblər açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklarda korporativ idarəetmə Standartları”nı təsdiqləyib.
APA -nın məlumatına görə, bu Standartların müəyyən edilməsində məqsəd korporativ idarəetməyə dair qanunla müəyyən olunmuş tələbləri əsas tutaraq banklarda etibarlı, şəffaf idarəetmə və hesabatlıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.
Korporativ idarəetmə bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərinin müəyyən edilməsini, onlara nail olması üçün alət və proseslərin mövcudluğunu, bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edən idarəetmə üsuludur. Strateji baxış bankın bazar mövqeyinin möhkəmləndirilməsinə və dəyərinin artırılmasına hədəflənən uzunmüddətli fəaliyyət hədəfi, missiya bəyanatı strateji baxışın əsas prinsiplərinin qısa icmalı, strateji plan bankın strateji baxışını aydın müəyyən edilmiş, ölçülə bilən məqsədlərə çevirən, razılaşdırılmış tədbirlərlə əlaqələndirən dövrü plan, fidusiar vəzifələr bankın cari və gələcək maraqlarının qorunmasına yönəldilmiş vəzifələr, strateji planlaşdırma prosesi bankın uzunmüddətli fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi, bu hədəflərə nail olunması məqsədi ilə strateji planın tərtib edilməsi prosesidir. Baş maliyyə inzibatçısı bankın maliyyə idarəetməsi bölmələrinin fəaliyyətinə birbaşa nəzarəti (kuratorluğu) həyata keçirən İdarə Heyətinin üzvüdür.
Bankda effektiv və etibarlı idarəetmə sisteminin tətbiqi üçün bankın səhmdarları və inzibatçıları tərəfindən aşağıdakılar təmin olunmalıdır:
- strateji planlaşdırma prosesinin təşkili və həyata keçirilməsi;
- strateji baxışına uyğun səmərəli idarəetmə və təşkilati strukturun yaradılması;
- effektiv idarəetmə və nəzarət üzrə siyasətlərin hazırlanması, o cümlədən uçot siyasətinin müəyyənləşdirilməsi, büdcə planlaşdırılması prosesinin həyata keçirilməsi;
- maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin olunması;
- effektiv daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin mövcudluğu;
- bankın fəaliyyətini əks etdirən dürüst, dolğun və qərəzsiz məlumatın məlumat istifadəçilərinə vaxtında təqdim edilməsi;
- bankın cari maliyyə vəziyyəti və əməliyyatları haqqında müfəssəl və aydın məlumatın davamlı axınını təmin edən etibarlı idarəedici informasiya sisteminin yaradılması və daim inkişafı;
- daxili nəzarətin səmərəliliyini artıran, onu mükəmməlləşdirən və möhkəmləndirən daxili audit bölməsinin yaradılması, audit işi üzrə siyasətin müəyyənləşdirilməsi və bu sahədə işin təşkili;
- maraqlar münaqişəsinə yol verməmək məqsədi ilə münaqişəyə səbəb ola bilən birbaşa və dolayı maraqlarının bank qarşısında tam və vaxtında açıqlanması;
- inzibatçıların bankın mənafeyini öz mənafelərindən üstün tutması;
- banka aidiyyəti olan şəxslərin bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb ola bilən və ya imicinə xələl gətirən fəaliyyətinin qarşısının alınması;
- bank fəaliyyətini tənzimləyən hüquqi aktların tələblərinə riayət olunması.