231
18:30
07 Avqust 2019

Paşinyanın özünüifşası - TƏHLİL

Türkiyənin sabiq prezidenti Turqut Özalın bir deyimi var - “Böyük siyasətin taleyi küçələrdə həll oluna bilməz”. Siyasi təcrübənin olmaması bu dəfə də öz sözünü dedi. Küçələrdə nüfuzu olan, lakin böyük siyasət barədə təsəvvürü belə olmayan Ermənistanın baş naziri Nikol Paşinyan məsuliyyətsiz bəyanatı ilə ölkəsini tələyə saldı. Mitinqlərin yaratdığı emosionallıq fonunda baş nazir postuna sahib çıxan “inqilab lideri” ciddi yanlışlığa yol verməkdə davam edir. İndiyə qədər qondarma "Dağlıq Qarabağ Respublikası"nı danışıqlar prosesinə cəlb etmək istəyən N. Paşinyan birdən-birə ölkəsini 31 il geriyə qaytarmaqla yanaşı, “millətlərin öz müqəddəratını təyin etmək hüququ” barədə çağırışların əslində manipulyasiya olduğunu, qalmaqallı “miatsum” bəyanatı ilə İrəvanın Azərbaycana qarşı yürütdüyü siyasətin kökündə ilhaq və işğal siyasətinin dayandığını etiraf etmiş oldu.
Paşinyan avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edərkən, emosiyalara o dərəcədə qapıldı ki, 31 il əvvəl erməni separatçılarının səsləndirdiyi “miatsum” şüarını yenidən səsləndirdi. “Ermənistanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədi “miatsumdur”. Münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər” deyən N. Paşinyanın öz dili ilə İrəvanın anneksiya siyasəti yürütdüyünü etiraf etməsi rəsmi Bakıya diplomatik gedişlər üçün əlavə manevrlər yaradır. Bunu danışıqlarda Azərbaycanın mövqeyini gücləndirməsi, bir addım önə çıxıb, Ermənistanı beynəlxalq səhnədə küncə sıxışdırması, işğalçı, ilhaqçı olduğunu sübut etməsi baxımından əlverişli fürsət də hesab etmək olar.
Artıq rəsmi Bakı hərəkətə keçib. Azərbaycan Xarici İşlər Nazirliyi N. Paşinyanın beynəlxalq hüquqa zidd bəyanatını sərt tənqid edib. XİN bəyanatında qeyd edib ki, “Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməyə heç bir əsas vermir. Ermənistan baş nazirinin aqressiv bəyanatları danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir. Bu, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. Paşinyanın Xankəndində etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu".
Paşinyanın fikirlərinə istər Azərbaycanda, istərsə də beynəlxalq məkanda verilən reaksiya Ermənistanda da narahatlıqla qarşılanıb. Artıq bəzi erməni ekspertlər Paşinyanın ciddi səhvə yol verdiyini, bu bəyanatın İrəvanın əleyhinə çevrilə biləcəyini ehtimal edirlər. Ermənistan XİN də N. Paşinyanın ciddi səhvə yol verdiyini anlayaraq, hədəf yayındırmağa çalışır, vəziyyətdən çıxış yolu kimi rəsmi Bakını ittiham edib. Ermənistan XİN bəyanat yayaraq bildirib ki, guya baş nazirin çıxışının mahiyyəti və məzmunu düzgün anlaşılmayıb. Lakin artıq gecdir. Dünya mediası da N. Paşinyanın öz dilindən İrəvanın işğalın arxasında durduğunu etiraf edən bəyanatını yayıb və Ermənistan diplomatiyası aldığı bu zərbəni heç cür sığortalaya bilmir.
Maraqlısı odur ki, siyasi təcrübəsi olmayan N. Paşinyan “Qarabağ danışıqları”nda özünü necə aparmaq lazım olduğunu da anlamır. Ermənistanın baş naziri diplomatik etiketi pozmaqla yanaşı, ifrat populist bəyanatları ilə münaqişəni daha da dərinləşdirir.
Vurğulayaq ki, N. Paşinyanın baş nazir seçilməsi ilə Qarabağ danışıqlarında "taym-aut" götürüldü. Bir müddət münaqişə barədə ümumiyyətlə danışmayan, “Mən Ermənistanın başçısıyam, “DQR”-in öz rəhbəri var” deyən N. Paşinyan ictimai rəydə nüfuzunun düşdüyünü anladı, yenidən Qarabağ mövzusunda danışmağa başladı, sərt bəyanatlar səsləndirdi. Lakin hər kəsə bəlli idi ki, N. Paşinyanı Qarabağın taleyi az maraqlandırır. Yeni baş nazirin bir məqsədi var-ölkədə apardığı yarıtmaz siyasətə haqq qazandırmaq, özünü Qarabağın müdafiəçisi kimi qələmə vermək. N. Paşinyan istər yumşaq, istərsə də sərt bəyanatlarında o qədər naşı görünür ki, belə bir təsəvvür formalaşır: o, Qarabağla bağlı hansı addımları atmağın zəruri olduğunu bilmir, digər tərəfdən, erməni cəmiyyətinin ümidlərini doğrultmaqda acizdir. N. Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir, Qarabağ, əslində onu o qədər də maraqlandırmır. Ermənistanın baş naziri Qarabağ mövzusunda manipulyasiya etməklə özünü qorumaq istəyir. Lakin unudur ki, indi 1988-ci il deyil və “miatsum” şüarı ilə sosial problemlərdən əziyyət çəkən sadə vətəndaşların rəğbətini qazanmaq imkansızdır.
Onu da qeyd etmək lazımdır ki, iqtisadi inkişafa nail olmaq üçün Ermənistanın özünün resursları çox məhduddur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın isə Ermənistana verə biləcəyi heç nə yoxdur. Ermənistan Rusiya ilə ciddi problemlər yaşayır. İrəvanın müttəfiqliyə can atdığı İrana isə dünya dövlətlərinin münasibətləri məlumdur. Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı yoxdur. Rusiyaya qarşı “nankorluq” edən İrəvan Qərbdən gözlədiyi krediti ala bilmir. Ölkəyə xarici maliyyə yatırımları qoyulmur. Erməni diasporu ölkəyə sərmayə yönəltmir. Xankəndində “miatsum” şüarının ardından N. Paşinyan dünyada yaşayan erməni iş adamlarına səslənərək “birlik naminə” maliyyə yardımı xahiş etdi. Bunun populist bəyanat olduğunu hər kəs anlayır və ciddiyə almır.
Dünya gücləri Bakı və İrəvandan Qarabağla bağlı konkret mövqe gözləyir. Bakının mövqeyi beynəlxalq hüquqda təsbit edilən müddəalardan ibarətdir. Paşinyan isə Qarabağ danışıqları ilə bağlı konkret plana malik deyil. Onun bu istiqamətdə verdiyi bəyanatlar ziddiyyətli, təzadlıdır və bir-birini inkar edir. Bir qədər əvvəl Qarabağın danışıqlarda tərəf kimi iştirakını tələb edən, əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəyi ilə hədələyən N. Paşinyan bu gün “miatsum” deyir. Bu baxımdan, yenə də sual yaranır: N. Paşinyan hansı addımları ata bilər və onun ümumiyyətlə, Qarabağla bağlı siyasətinin ana xətti nədən ibarətdir?
Ehtimal etmək olar ki, N. Paşinyan vəziyyəti daha da gərginləşdirməkdə davam edə bilər. “Miatsum” şüarının ardınca İrəvanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanıya biləcəyini də ehtimal edə bilərik. Bu isə danışıqlardan çıxmaq deməkdir. Lakin N. Paşinyan nəzərə almaya bilməz ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq və əgər Ermənistan “DQR”-in müstəqilliyini tanıyarsa, bu qərar hərbi toqquşmaların bərpası və Paşinyanın sonunun gəlməsi ilə nəticələnə bilər. Hər halda o, gözəl başa düşür ki, Ermənistanla Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və İrəvan istəsə belə, müharibə variantını ağlından keçirə bilməz. "Nə hərb, nə sülh" vəziyyətinin də uzun müddət davam etməsi mümkün deyil. Ermənistan işğala son qoymayınca, ona dinclik yoxdur, vəziyyət gərgin olaraq qalacaq. Əgər, Paşinyan cəbhə xəttində toqquşmalara getməyi planlaşdırarsa, “Aprel aqibəti” ilə üzləşəcək. Savaş başlayacağı təqdirdə Paşinyan diletant bəyanatları ilə də uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol danışıqlar masasına oturmaq, avantürist mövqedən əl çəkməkdir. Heç bir populist bəyanat bu reallığı dəyişmək gücündə deyil...