254
09:38
07 Avqust 2019

40 yaşlı futbolçu karyerasını başa vurdu

Uruqvay millisinin və İspaniya “Atletiko”sunun sabiq futbolçusu Dieqo Forlan karyerasını başa vurub.
APA -nın məlumatına görə, son bir il iki ayda heç bir rəsmi oyuna çıxmayan hücumçu idmançı kimi karyerasını bitirdiyini açıqlayıb.
Sonuncu klubu Honkonq təmsilçisi “Kitçi” olan D.Forlan 2018-ci ilin mayından sonra heç bir matçda iştirak etməyib.
Futbolçu karyerasını Uruqvayın ən titullu klubu “Penyarol”da başa vurmaq istəyində olsa da, bu, baş verməyib. Tərəflər arasında danışıqlar müsbət nəticələnməyib.
Qeyd edək ki, “Penyarol”un yetirməsi olan 40 yaşlı veteran karyerası ərzində “Danubio”, “İndependente”, “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko”, “İnter”, “Osaka”, “Mumbai” və “Kitçi” klublarında oynayıb. 2002-14-cü illərdə şərəfini qoruduğu Uruqvay millisindəki 112 oyuna 36 top vuran hücumçu Amerika kubokunun qızıl və bürünc mükafatçısı, dünya çempionatının yarımfinalçısı olub. D.Forlan DÇ-2010-da “Qızıl top”, ən yaxşı bombardir və ən gözəl qolun müəllifi mükafatlarını qazanıb, iki dəfə Avropanın “Qızıl buts”una yiyələnib.