261
13:57
03 Avqust 2019

Bu axşam Almaniya Superkubokunun növbəti qalibi məlum olacaq

Avqustun 3-də “Borrusiya” və “Bavariya” arasında Almaniya Superkuboku uğrunda oyun keçiriləcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Bavariya” ötən mövsümdə 7-ci dəfə dalbadal Bundesliqanın qalibi olub, eləcə də finalda “Leypsiq”I darmadağın (3:0) etməklə Almaniya Kubokunu qazanıb. Dortmundun “Borrusiya” komandası çempionatda ikinci olub və buna görə Supekubokda oynamaq hüququ əldə edib.
Bu mükafatı bundan əvvəlki üç ildə “Bavariya” əldə edib. Münhen klubun Superkubokda ümumilikdə 7 qələbəsi var, bu da milli rekorddur. “Borrusiya” bu titula 4 dəfə sahib olub.
Komandalar ötən mövsümdə bir-biri ilə qarşılaşmada hərəyə bir qələbə qazanıblar: noyabrın 10-da “Borrusiya” 3:2, aprelin 6-da “Bavariya” 6:0 hesabı ilə qalib gəlib.
Rəqiblərin bundan əvvəlki Superkubok qarşılaşması 2017-ci ildə olub. O zaman Dortmundda keçirilən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, onbirmetrlik zərbələrdə “Bavariya” dəqiq (5:4) olub.
“Borrusiya” – “Bavariya” oyunu bu gün Bakı vaxtı ilə saat 22:30-da Dortmunddakı “Siqnal İduna Park”da başlayacaq.