2609
12:03
28 İyul 2019

Rasim Ocaqov çəkilişlərə polis çağırmalı oldu

“Bizim filmlər” layihəsində “Tütək səsi” filmi

“Tütək səsi” Rasim Ocaqovun rejissor kimi ilk və ən çox sevdiyi filmdir. İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında Rasim Ocaqovun çəkdiyi “Tütək səsi” filmi 1976-cı ildə ekranlara çıxıb. SSRİ dövlət mükafatına layiq görülən bu filmin prezentasiyası Moskvada və Berlində olub. Filmin rejissoru Rasim Ocaqov bu filmdən sonra 12 bədii film çəkib, amma özünün də ən çox sevdiyi “Tütək səsi” filmidir. Deyib ki, “Tütək səsi” avtobioqrafik filmdir. Süjet xəttinin onun şəxsi həyatı ilə heç bir əlaqəsi olmasa da rejissor həm də özü yaşadıqlarını lentə aldığı üçün belə qəbul edib.

“Gəncəbasarlı xilaskar”

Uzun illər operator işləyən, amma rejissorluq istəyi ilə yanıb yaxılan Rasim Ocaqov “Qatır Məmməd” filminin sınağından yenicə çıxmışdı. Hüseyn Seyidzadənin çəkdiyi “Gəncəbasarlı qisasçı” filmini Sovet kinematoqrafiyasının şefləri bəyənmədilər. Film yarımçıq qaldı ortada, Rasim Ocaqovu çağırıb təklif etdilər ki, al bu film, bu da sən, öhdəsindən gəlsən, rejissorluğa vəsiqə almış olursan. Artıq ayrılan vəsaiti xərclənib qurtarmış, kinematoqrafiya dili ilə desək, yanmış bir filmi Rasim Ocaqov naəlac çəkməyə başladı. 40 günün içində tamamlanan film bəyənildi. Moskva kinematoqrafçıları Rasim Ocaqovu “Gəncəbasarlı xilaskar” qoydular. Bundan sonra İsa Hüseynovun “Tütək səsi” ssenarisini çəkmək ona həvalə olundu. Rasim Ocaqov ssenarini oxudu və özü dediyi kimi gördü ki, mövzu ovcunun içindədir: “Bütün vaqeə olanlar, mənim dövrümdə, mənim şahidi olduğum, yaşadığım olaylardır. Özüm talonla çörək almışam. Qohum-əqrabam müharibədə olub, çoxusundan qara kağız gəldiyinin gözlərimlə şahidi olmuşam.” Aktyorlar danışırlar ki, Akif Məhərrəmli, Şamil Süleymanov kotan əkə bilmirmişlər, Rasim Ocaqov onların əlindən alıb elə gözəl yer əkib bütün çəkiliş qrupu heyran qalıb.

Mixay Volontirlə Şahmar Ələkbərov bir-birilərini əvəz etdilər

Rejissor əsas rola artıq Qatır Məmməd obrazından sonra çox sevdiyi Şahmar Ələkbərovu çəkmək istəyirmiş. Çəkilişlər başlanan vaxt Şahmar Ələkbərov ağır xəstələnir. Rejissor gözləyir, nəhayət başa düşür ki, bu xəstəlik uzun çəkəcək. Televiziya ilə baxdığı “Qaraçı” filmində Mixay Volontirin aktyorluğu ona xoş gəlir və aktyoru baş rola dəvət edir. Onun səsini isə səslənmədə Şahmar Ələkbərova həvalə ediblər.

Tapdıq – Akif Əli nazirlər kabinetinin məsul işçisi olub:

““Tütək səsi” mənim taleyimdə dərin iz buraxıb. Ssenarisinin, rejissorunun və toplaşan kollektivin gücünə görə. Film büsbütün Azərbaycan xarakteridir, maraqlı xarakterlər toplumu ilə. Maraqlı çox məqamdan söz aça bilərəm, amma ən maraqlı olan ordakı yaradıcı qrup və ortaya çıxan işdir.”

Rasim Ocaqov Şamil Süleymanovu bir daha çəkmədi

“Əvvəl çəkilmək istəmirdim, çünki Baladadaşdan sonra Cümrü olmaq istəmirdim. Akif Əlinin şəklini görəndə təəccübdən razılaşdım, gördüm ki, məndən başqa onun qardaşını oynaya biləcək aktyor yoxdur. İsa Hüseynovun bir kəlmənin üstündə həngamə çıxartdığını xatırlayıram, mənə dedi ki, “ürəyimdən isə xəbər ver” yox, ”ürəyimdənsə xəbər ver” olmalıdır. Dedim nə dəxli var, indi başa düşürəm ki, varmış dəxli. Axşamlar Məmmədrza Şeyxzamanov üçün çay dəmləyirdik ki, gəlib bizimlə otursun, çünki tələbə idik, sənət söhbətlərinə böyük ehtiyac vardı. O vaxtdan Akif mənə dəli dadaş, mən də ona qaqaş deyə müraciət edirik. Bilirəm ki, indi tükü tükə calasam Akif yanımda hazır olar”.

30 il sonra Cümru rolunun ifaçısı Şamil Süleymanov Nabranda dincələrkən maraqlı bir hadisə ilə rastlaşıb. Hər gün süd-qatıq aldıqları qonşu onlardan pul almırmış, bir gün də həmin qonşuya süd dalınca gedən Şamili həyət qapısında balaca bir uşaq qarşılayıb “Cümrü əmi, atam dedi ki, siz gəlməyin, biz özümüz süd-qatığı sizin evə gətirərik.” Məlum olub ki, filmdə Cümrü tütək çaldığı səhnə Qusarda həmin adamın evinin damının üstündə çəkilib.

Milli az qala ölmüşdü

Daha doğrusu Milli rolunun ifaçısı aktrisa Xalidə Quliyeva. Yadınızdadırsa, filmdə məşhur səhnələrdən biri də Millinin Tapdığa “Mampası yeyirsən?” sual etdiyi səhnədir. İndi həmin ifadənin dərin mənasından deyil, o mampasının Millinin nəfəs yoluna düşməyindən danışırıq. Dubl bir-neçə dəfə təkrar olunub, axırda təntiyən Xalidə xanım mampasını ağzına atması ilə onun nəfəs yoluna düşməyi bir olur. Akif Əli qışqırır ki, Xalidə öldü. Çəkiliş dayanır hamı yığışır Xalidə xanımın başına. Mampası nəfəs borusundan çıxarılır, amma Xalidə özünə çətin gəldiyindən rejissor çəkilişi sabaha saxlamağa qərar verir. Aktrisa isə razı olmayıb, özünü toplayıb son kadrı çəkdirir.

Xalidə Quliyeva indi kinodramaturq Eldəniz Quliyevin xanımıdr və teleseriallara çəkilir. Digər aktyorlardan Ötkəm İsgəndərov İncəsənət və Mədəniyyət Universitetində dekan vəzifəsində çalışır.

Cümrünün anasını oynayan aktrisa Liva Eliava gürcü aktrisasıdır. 1998-ci ildə 68 yaşında dünyasını dəyişib. Yeri gəlmişkən Moldovadan dəvət edilmiş SSRi Xalq artisti Mixay Volontir də 2015-ci ildə 81 yaşında xərçəngdən öldü. Həm də ehtiyac içində. Onun bəzi müalicə xərclərini “Qaraçı” filmində birgə çəkildiyi aktrisa Klara Luçko ödəyirmiş. Aktrisa ondan əvvəl dünyasını dəyişir. Mixay Volontir 10 ildən artıq ağır xəstəliklə mübarizədə olub.

Filmdə Yusif Vəliyevi (Qılınc Qurban) Adil İsgəndərov, Mixay Volontiri (Cəbrayıl) Şahmar Ələkbərov, Liva Eliavanı (Sayalı) Əminə Yusifqızı, Ötkəm İskəndərovu (Nuru)Rasim Balayev, Səfurə İbrahimovanı (İsmət) Ofelya Sənani, Gümrah Rəhimovu (Muxtar) Səməndər Rzayev, Akif Məhərrəmovu (Tapdıq) Ramiz Məlikov səsləndirib.

Kənd camaatı filmdəki hadisələri real biliblər

Senari müəllifi İsa Hüseynov adətincə bütün çəkiliş günlərində yaradıcı qrupla birgə çəkiliş meydanlarında olub. İsfəndiyar kişinin saz çaldığı səhnədə sazı İsa Hüseynov özü çalmaqla bahəm, həm də Məmmədrza Şeyxzamanova sazı necə tutmağı da öyrədir. Həmin epizod 9 dubla çəkilib.

Çəkilişlər Qusarın Anıx, Hil kəndlərində aparılırmış. İsfəndiyar kişinin “Ruhani” çaldığı həmin səhnədə kütləvi səhnələrdə çəkilən kənd camaatı sazın ifasına onu ifa edənə qoşulub ağlayırmışlar. Ümumiyyətlə, sadəlövh, saf kənd camaatı bəzən hadisələrə elə qapılırmışlar ki, film olduğunu unudurmuşlar. Məsələn, Ötkəm İsgəndərovun dediyinə görə, Qılınc Qurbanla Cəbrayılın səhnəsində camaat Cəbrayılın əleyhinə çıxıb onu az qala daşlamaq istəyirmişlər. Rejissor hər ehtimala qarşı çəkilişlərə o vaxt milis çağırmalı olub.

Filmin sayəsində gənc Ötkəm İsgəndərov siqaret çəkməyə lışır. İlk dəfə çəkilişdə çəkdiyi siqaretdən sonra onu tərgidə bilməyib.

Filmin bəstəkarı Aqşin Əlizadə, rəssamı Elbəy Rzaquliyevdir.

Film üzərində tam peşəkar komanda işləyib.