4559
17:00
26 İyul 2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - IV HİSSƏ

Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa... Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…

(Əvvəli https://lent.az/news/321341)

Biz qəhrəmanlarımızın macəra dolu ömür yoluna qayıdacağıq. Amma indilikdə bir məqamı xüsusi vurğulamaq istərdik. Söhbət əfsanəvi batalyon komandiri Tofiq Oğuzun sonrakı taleyindən gedir.

Xatırlayırsınızmı, əvvəlki yazılarımızda qəhrəmanımızla birgə Şuşaya gələn tibb bacısı Raygül xanımdan da bəhs etmişdik. Yazının bu yerində Raygül xanımı yada salmağımız təsadüf deyil. Çünki o, azsaylı şəxslərdəndir ki, indiyəcən belə qəhrəman insanlarımızla münasibət saxlayır.

Raygül xanımın dediklərindən:

- Biz tibb məntəqəsində qalırdıq. Ayın 6-sı bizi təhlükəsizliyimizə görə başqa yerə köçürdülər. Ayın 7-si axşam xəbər gəldi ki, Tofiq Oğuzu vurublar. Səngərdədir, ağır yaralanıb. Mən bir neçə döyüşçü ilə ora gedəndə bir neçə əsgərimizin şəhid olduğunu gördük. Tofiqi əsir almışdılar, ya necə olmuşdusa, bilmirəm. Amma səngərdə yox idi. Tofiq əsil komandir idi. Məhz onun, Ramizin batalyonları olmasaydı, ermənilər Qayalıda yolu bağlayıb, əhalini Xocalıdakı kimi qıracaqdılar. Tofiqin ölümündən sonra sanki əlimiz-ayağımız qurudu. Başsız qaldıq...

Raygül xanım deyir ki, mayın 8-də axşam Daşaltı yoluyla üzü Laçına doğru yol alıblar. O, Şuşadan çıxarkən, bəlkə də heç kimin yadına belə düşməyən olduqca əhəmiyyətli bir iş görüb. Ölən, yaralı - bütün əsgərlərin sənədlərini özüylə götürüb. Laçına çatanda müvəqqəti olaraq onun qəhrəmanlarımızla yolları ayrılıb. Amma onun başına elə bir qan donduran hadisə gələcəkdi ki...

- Mən onlarla Laçın ətrafında vidalaşdım. Şuşadan çıxan əsgərlər başıpozuq şəkildə Laçına doğru irəliləyirdilər. Ermənilər isə dörd bir tərəfdən vururdular. Kirs yaxınlığında elə bir vəziyyət yarandı ki, əsir düşmək təhlükəsi yarandı. Mən bizimkilərə az qala yalvarırdım ki, dözə bilmirəm artıq. Başıma hansı dəhşətlərin gələcəyindən qorxuram. Öldürün, atın bir qırağa məni. Amma heç kim bunu etmək istəmirdi. Mən isə durmadan dil tökürdüm. Birdən onun qəzəbli üzünü gördüm. Laçınlı Bayram vardı. Qurd baxışlı. Çox sakitcə, soyuqqanlı şəkildə məni qayadan aşağı itələdi. Uçdum boşluğa...

Qayadan aşağı yuvarlanan Raygül bir də gözünü helikopterdə açır. Təcili Bakıya çatdırıb, hospitala yerləşdirirlər.

- Ayağım sınmışdı, bədən üzvlərim zədələnmişdi. Sən demə, uçuruma atılanda kolluğa ilişmişəm. Huşumu itirmişdim. Məni ordan götürüb, helikopterə yerləşdirmişdilər.

Raygül xanım danışır ki, Bakıda müalicə olunandan sonra Gəncəyə, az sonra isə Ağdama, cəbhəyə gedib.

- Mən onların bir-birini necə sevdiyimi bilirdim. Əslində, batalyonda hamı bilirdi. Məni də batalyonda olan bir əsgərimiz sevirdi (Gülür). Onlar ikisi tez-tez məntəqəyə gələrdilər. Mən isə buna əsəbiləşirdim. Deyirdim, göydən od yağır, hər gün şəhid veririk, nə qədər əsgər yaralanır, sevgi vaxtıdır? Görünür, qan-qada içində sevgi də olarmış. Müharibə kinolarında görməmisiniz? Mütləq bir sevgi epizodu da olur. Bizimki də belə. Məni Şuşada sevən Sadiqlə sonradan evləndik. İndi dörd uşağımız var. Onlar isə…

***

Bakıda, hə məhz Bakıda Laçının da işğal xəbərini eşidir. Və bir gün xəbər alır ki, Şuşadan sağ qalmış cəbhə dostları yenidən toplanırlar. Və tale onu yenidən odun-alovun içinə atır.

- Biz Ağdama yollandıq. Həmin vaxt ən ağır cəbhəydi Ağdam. Mən Şuşada silah-sursat, döyüş görməmişdim. Bütün bunları Ağdamda gördüm. Qərargahımız Qərvənddə idi. Abdal - Gülablının müdafiəsində iştirak edirdik. Batalyon komandirimiz isə hələ Şuşadan tanıdığımız Nail Kazımov idi. O, Şuşada ağır yaranmışdı. Elə yaralı-yaralı hospitaldan çıxıb cəbhəyə gəlmişdi.

Cəbhədə o nəinki tibb bacısı kimi fəaliyyət göstərir, səngərdə, postlarda belə olur.

- Adam çatmırdı deyə, biz də postlara da çıxası olurduq. Həmin vaxt Raygül baş tibb bacısı kimi Qərvənddə hospitaldaydı. Mən isə Növrəstə xanımla (Azərbaycanın ilk snayper və kəşfiyyatçı qadını - S.S.) birgə döyüş mövqeyindəydik. Mən Şuşada olmuşdum. Mühasirədən çıxmışdım. Amma müharibənin dəhşətlərini Ağdamda gördüm. Sonradan unutmağa çalışdım. Amma unuda bilmədim. Olmur unutmaq, başa düşürsünüz? Məktəb, universitet yoldaşları adama çox əzizdir. Amma döyüş yoldaşı olmaq. Bu, tamam başqa hislərdir.

Fikrə gedir. Gözlərini bir nöqtəyə dikib, susur, susur, susur. Sanki burada söhbəti yarımçıq qoymaq istəyir. Amma köks ötürərək, davam edir.

- Bayaq deyirsiniz ki, nələri xatırlayırsınız? Deyim, Yenikənd əməliyyatını təsəvvür edin, itkisiz kəndi al, sonra nə baş verirsə, ermənilər arxadan hücum edir, çoxlu şəhid verirsən. Bu, dəhşətli bir faciə idi. Onun detallarını Növrəstə xanım daha dəqiq bilir.

Növrəstə Yusifovanın dediklərindən:

- Avqustun 15-də Yenikəndə hücuma keçməli idik, hazırlaşırdıq. Kəşfiyyat işləri aparılmışdı. Mən də tələsirdim ki, hücuma çatım. Səhər saat 4-də rəhmətlik Hafiz Ağazadə, qərargah rəisi Xəqani, rəhmətlik Əliağa və Nailin sürücüsü gəldilər. Dedilər ki, Yenikəndi aldılar, ancaq onlara kömək gəlməyib. Bir gün də orada olublar. Deyiblər ki, göstəriş var, geri qayıdın. 20-30 nəfər oranı itkisiz tutublarmış. Bir yeri də tutanda sənə kömək gəlməlidir, yerini bərkitməlisən. Geri qayıdanda ermənilər gəlib, arxadan onlara atmağa başlayıblar. 30 nəfərin bir qismi həlak olub. Əliağa kimi nəhəng insanın güllə sinəsindən girib, kürəyindən çıxıb, o halla 2 yaralını, silahlarını götürüb, axırda elə yerə çatdırıb ki, bizimkilər onları maşınla götürə biliblər. Kamran özü gəlib, maşına çatanda keçinib. Əliağa o halla maşınla 35 kilometr Mahrızlıya hospitala qədər gəlib, cərrahiyyə stoluna uzananda qan itirdiyi üçün keçinib.

Amma bu hələ harasıydı? Həmin gün dəli kimi ora-bura qaçıb Şuşadan bəri görmədiyi, unutmadığı adamdan nigaran idi. Çünki elə bir dəhşətli hadisə baş vermişdi ki...

Avqustun 17-dən 18-ə keçən gecə Ağdam cəbhəsində gecə Şəki tağımının olduğu yerə mərmi düşür.

- Taqımda bir neçə rayondan əsgər döyüşsə də, çoxluq Şəkidən gələnlər idi. Mən isə bunu bilmirdim. Deyə-gülə həyətdə çörək yeyirmişlər, ermənilər minomyotla vurublar. 11 nəfər həlak olmuşdu. Birdən xəbər gəldi ki, ölənlərdən 5-i Şəkidəndi. Dəli oldum, kimə deyim, necə xəbər alım...

Bu hadisədən sonra Şəkidə 3 gün qeyri-rəsmi matəm elan olunur. Bir gün sonra xəbər gəlir ki...

Davamı olacaq....

Lent.az -da qalın...