1590
writer1

Zaur Xudiyev

Məqalə sayı

2
19:29 21 İyul 2019

Kəramət lağ elədiyi aşıqlardan da mənasızdır

Bugünlərdə Kəramət Böyükçölün saz haqqında yazısını oxudum saytların birində.
 
Kəramətlə salam-sağolumuz var, görüşəndə üç-beş kəlimə danışığımız olur, istedadlı oğlandı, amma di gəl ki, istedadını lazımsız yerlərə xərcləyir.
 
Necə deyərlər, başı yaxşı başdı, amma qarpıza işlədir.
 
Kəramət dostumuz sazı sevmədiyini, aşıqların, saz ifaçılarının intellektual səviyyələrinin çox aşağı olduğunu, ümumiyyətlə, bu alətin mənasızlığını yazıb və bir xeyli bu tipli ifadələr işlədib.
 
Bəlli məsələdir ki, Kəramət şou adamıdır. Yazıları, müsahibələri, fikirləri, hətta statusları da süni ajiotaj yaratmağa, kiməsə "ilişməyə", diqqət çəkməyə, bir sözlə gündəm olmağa hesablanıb. Bu da onun üslubudu, özü bilər. Bir neçə dəfə buna görə təzyiqə də məruz qalıb, dəfələrlə söyülüb, təhqir olunub, amma vecinə deyilsə, öz ağa kefidi.
 
Mən durub Kəraməti nə söymək, nə təhqir etmək, nə də döymək fikrindəyəm.
 
Əlimdən gəldiyi qədər ona öz üslubunda cavab verməyə çalışacam.
 
Bax, əziz Kəramət, sən sazı mənasız, məzmunsuz maraqsız alət adlandırırsan, inan ki, bundan saz heç nə itirmir. Amma sən o mənasız dediyin adamlardan daha mənasız olursan. Necə?
 
Dostum, lap deyək ki, saz onu sevənlərin dediyi kimi müqəddəs, ilahi bir nəsnə deyil, adi musiqi alətidi. Yəni? Bunun sənə nə istisi-soyuğu var axı? Adi musiqi alətinə nə məna yükləməyə çalışırsan, ondan nə gözləyirsən ki, bu qədər aqressiv formada ifadə etməyə çalışırsan?
 
Saz musiqi alətidi. Sevən sevir, sevmirsən, cəhənnəmə sev. Daha bunu böyük bir ali həqiqəti kəşf edirmiş kimi 3500 işarəlik yazı ilə "qışqırmağa" nə gərək var ki? Sənin indi o, guya səni təhqir edən aşıqlardan, sazsevərlərdən nə fərqin oldu? Onlar sevirlər aqressivdilər, sən sevmirsən, eləsən. İndi gördün, sən özün nə qədər mənasız adamsan?
 
Bəzən kəndlərdə bir nəfər olar, yetənə yetər, yetməyənə bir daş atar. Gedəni söyər, gələnə qışqırar. Camaat da fikir verməz, məzələnə-məzələnə, deyə-gülə yola verərlər. Hətta bəzən cibinə üçdən-beşdən basıb bir-birilərini söydürüb gülüşərlər. Kəndin dəlisi də, bir sözlə. Bax, sən indiki halda mənim gözümdə həmin o kəndin dəlisisən.
 
Çox nadir hallarda sənin hansısa fikrinə rəy verərəm, bu dəfə nəsə ürəyim istədi, dedim yazım.
 
Bunu da beləcə oxucu fikri kimi qəbul elə.